QHT sədri: “Azərbaycan selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir”
Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Uşaqların cinsi nisbətinin pozulması əvvəlki dövrlərdə vaxtaşırı qabardılmırdı. Lakin hazırda bu məsələ cəmiyyəti düşündürür. Mütəxəssislər yeni doğulmuşlar arasında cins nisbətinin pozulması təbii amillərlə deyil, müdaxilə nəticəsində baş verdiyini qeyd edirlər.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az- a açıqlamasında bildirib ki, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir, 100 qıza 115 oğlan düşür: “BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq: “Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”.
Pərvanə Fərhadqızı