Hafiz Səfixanov: "Mina təhlükəsinə qarşı maarifləndirmə tədris proqramına çevrilməlidir"
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərə geri köçən məcburi köçkünlərin ANAMA-nın koordinasiyası ilə mina təhlükəsinə dair maarifləndirmə təlimlərinə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, bu fəaliyyət yalnız məcburi köçkünləri deyil, uşaqları, sosial-infrastruktur işlərinə cəlb edilənləri və turistləri də əhatə edir.
H.Səfixanov mina təhlükəsinə qarşı mübarizənin yalnız azad olunmuş ərazilərlə məhdudlaşmamalı olduğunu vurğulayıb: “Ölkənin işğal altında olmamış ərazilərində də PHS hadisələri baş verib. Buna görə də bütün orta məktəblərdə bu mövzuda tədris saatları ayrılmalı, xüsusi dərsliklər hazırlanmalı və müəllimlər üçün təlimlər keçirilməlidir. Hazırda belə bir proqram yalnız keçmiş cəbhəyanı rayonların 4-cü və 6-cı siniflərində var.”
O, bu tədrisin təkcə şagirdlərə deyil, onların valideynlərinə də maarifləndirici təsir edəcəyini və gələcəkdə Qarabağ və Şərqi Zəngəzura səfər edəcək insanlara da faydalı olacağını bildirib. Hafiz Səfixanov UNICEF-in 2021-ci ildə keçmiş cəbhəyanı rayonlarda mina təhlükəsinə dair kritik ehtiyacların araşdırılması layihəsini həyata keçirdiyini, lakin bu layihənin nəticələri barədə ictimaiyyətin və müvafiq QHT-lərin məlumatlandırılmadığını bildirib: “Bu günə qədər layihənin hansı təşkilat tərəfindən icra edildiyi, nəticələrinin nə olduğu açıqlanmayıb. Biz hələ də bilmirik ki, bu layihə real şəkildə həyata keçirildimi?”
Mina qurbanlarının vəziyyətinin öyrənilməsinin vacibliyini vurğulayan H.Səfixanov qeyd edib ki, keçmiş cəbhəyanı rayonlarda və onlara yaxın ərazilərdə araşdırmalar aparılmalı, insanların mina qurbanı olma səbəbləri dəqiq müəyyənləşdirilməlidir. O, innovativ metodlardan istifadə edərək maarifləndirmə materiallarının hazırlanmasının və nüfuzlu şəxslər (müəllimlər, həkimlər, din xadimləri, iş adamları) ilə gənc könüllülərin təlimlərə cəlb olunmasının əhəmiyyətini qeyd edib. Bununla yanaşı, televiziyalar və internet TV vasitəsilə müxtəlif yaş qruplarına uyğun maarifləndirici çarxların hazırlanmasının və mina qurbanlarının əhaliyə müraciətlərinin yayımlanmasının vacibliyi vurğulanıb.
Pərvanə Fərhadqızı
QHT.az