Xəbərlər 18.02.2025 18:52 425

Deputat Pərvanə Vəliyeva: "İqlim dəyişikliklərinin səhiyyəyə təsiri ciddi problemlər yaradır"

Milli Məclisin deputatı Pərvanə Vəliyeva iqlim dəyişikliklərinin səhiyyə sisteminə və insanların sağlamlığına təsiri barədə QHT.az-a açıqlama verib.

Deputat bu dəyişikliyin yalnız ətraf mühitə deyil, səhiyyə sahəsinə də mənfi təsir göstərdiyini və bəzi xəstəliklərin artmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlərin həlli üçün səhiyyə sisteminin gücləndirilməsi vacibdir:

“Azərbaycanda hazırda səhiyyə sahəsində həyata keçirilən islahatların yeni dalğası, ilkin səhiyyə xidmətlərinin inkişafı həyata keçirilir. İlkin səhiyyə xidməti üzrə islahatlar aparılır və bu sistemin ölkəmizdə tətbiqinə başlanılır. Ailə həkimi institutunun formalaşdırılması, modelin qurulması və bütün ölkəni əhatə etməsi istiqamətində işlər görülür. Qabaqcıl səhiyyə sistemlərinə malik ölkələrdə kadr çatışmazlığı problemi mövcuddursa, onlar ilkin səhiyyə xidmətlərini təkmilləşdirməyə investisiya qoyurlar və bu sahədə inkişaf etdirici addımlar atırlar. Ona görə də ölkəmizdə də ilkin səhiyyə sisteminin qurulmasında başlıca məqsədlərimizdən biri ixtisaslı həkim çatışmazlığı probleminin aradan qaldırılmasıdır. İlkin səhiyyə xidmətinin inkişaf etdirilməsi ilə tibbi xidmətlər vətəndaşlarımız üçün daha əlçatan olacaqdır".

Pərvanə Vəliyevanın sözlərinə görə, kliniki tibbi yardımdan fərqli olaraq, burada daha çox evdə tibbi xidmət, patronaj, skrininq, müalicənin izlənilməsi kimi xidmətlər nəzərdə tutulur. Deputat həmçinin qeyd edib ki, ailə həkimi doğulandan ölənədək vətəndaşın sağlamlığının keşiyində dayanır, onun orqanizmini özündən daha yaxşı bilir və davamlı olaraq nəzarətdə saxlayır:

“Ailə həkiminin yaxından nəzarəti ilə xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və qarşısının alınmasına yönəlmiş tədbirlər görülür. Bu, müalicəyə ehtiyacın azalmasına və daha çox tibbi xidmətin həyata keçirilməsinin, dolayısı ilə səhiyyə xərclərinin qarşısını alır. İlkin səhiyyə xidmətinin ölkəmizdə təşkil edilməsi əhalinin də səhiyyə ilə bağlı maliyyə yükünü azaldacaq, xidmətləri optimallaşdıracaq, əlçatanlığını artıracaq və xəstəliklərin erkən aşkarlanmasına böyük dəstək verəcək”.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı