Şəhidimiz Abbas Qasımovun doğum günüdür!
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəhimabad kəndində anadan olub.
QHT.azxəbər verir ki, o, 2003–2007-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alıb. 2007-ci ildə Akademiyanı bitirən Abbas sərhədlərin mühafizəsi bölüyünə göndərilib və bir neçə rayonda sərhəddə xidmət edib. Xidməti dövründə daim fərqlənib, medal və təltiflərlə mükafatlandırılıb. Hər zaman pilot olmağı arzulayan Abbasa yeni bir yol açılıb. O, Milli Aviasiya Akademiyasına daxil olub və 2017-ci ildə "mayor" rütbəsi alıb. Hərbi pilot Abbas Qasımov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə Füzuli döyüşləri zamanı baş leytenant Xalid Gözəlov ilə birlikdə qəhrəmancasına şəhid olub.
Abbas Qasımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!