Şəhidimiz Tural Məmmədovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanıb və daha sonra ordu sıralarında qalaraq "gizir" kimi xidmət etməyə davam edib. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Tural Məmmədov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 29 oktyabr tarixində Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Tural Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!