Xəbərlər 18.03.2025 20:24 199

Mətanət Ağamirli: “Virtual dünya tərbiyəsizlik meydanı deyil”

Azərbaycanın Baş Prokurorluğu bir qrup şəxsi İstintaq İdarəsinə çağırıb. Onlara qarşı müxtəlif maddələrlə ittiham irəli sürülüb.

QHT.az xəbər verir ki, Baş Prokurorluğun açıqlamasına əsasən, təqsirləndirilən şəxslər – İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Elşad Məmmədov, Qabil Məmmədov və Tural Sadıqlı Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinə uyğun olaraq rəsmi bildiriş alıblar. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilir. Hazırda istintaq davam edir. Eyni zamanda bu şəxslər sosial şəbəkələrdə və internet mediasında qeyri-etik ifadələr, təhqiramiz çıxışlara və eyni zamanda kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etmələri ilə tanınırlar. 

QHT.az məsələ ilə bağlı əməkdar jurnalist Mətanət Ağamirlinin fikirlərini alıb. O, qeyd edib ki, virtual dünya hər kəsin bir parçasına çevrilsə də, ictimai məsuliyyət anlayışına malik olmaq vacibdir:

"Biz hansısa ədəbsizin söyüş, təhqir dolu kəlimələrini niyə eşitməliyik? Xaricdə oturub, kameranı açıb küçə söyüşləri ilə “müxalifətçilik” etmək əslində narsistlik və tərbiyəsizlikdir. İnsan ya arqumentsiz olduğu üçün, ya da fikrini ifadə edə bilmədiyi üçün söyüş söyür. Bu kontekstdən baxdıqda, onlar aciz insanlardır."

Əməkdar jurnalist vurğulayıb ki,  cəmiyyətin mənəvi dəyərlərinə zidd hərəkət edənlərə həm də ictimai qınaq tətbiq olunmalıdır. O, sosial şəbəkələrdə ailə, qadın və uşaqların nəzərə alınmadan küçə səviyyəsində aparılan çıxışları pisləyib və bildirib ki, hər kəs qanun qarşısında cavab verməlidir:

"Milli-mənəvi dəyərlərimizi qorumaq xalq və dövlət olaraq bizim üçün prioritetdir. Özünü ziyalı hesab edən hər kəs bu məsələyə münasibət bildirməli, mütəşəkkil ictimai qınaq formalaşdırılmalıdır."

Mətanət Ağamirli hesab edir ki, sosial media və informasiya texnologiyaları insanların tərbiyəsizliyini nümayiş etdirmək üçün deyil, sağlam ünsiyyət və cəmiyyətin inkişafına xidmət etməlidir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı