APREL DÖYÜŞLƏRİ - Böyük qələbənin başlanğıcı
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı.
QHT.az xəbər verir ki, dörd günlük müharibədə Ordumuzun bölmələri təzavüzkar erməni silahlı qüvvələrinə ağır zərbələr endirərək Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərimizi düşməndən azad etdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.
Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən səkkiz il ötür. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu şanlı döyüş 2020-ci ildə başlayan Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı idi. İndi əzəli-tarixi Qarabağ torpaqlarımız xalqımızın gücü, Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin döyüş şücaəti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində və şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. 8 il bundan öncə Lələtəpədə ucaldılan üçrəngli bayrağımız indi azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Böyük Qələbə sevincini bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik və ehtiramla yad edirik!