“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, ölkədə özəl bağçaların fəaliyyətinin dəstəklənməsi və qiymətlərinin tənzimlənməsi həm sosial rifahın yüksəldilməsinə, həm də iqtisadi artıma mühüm töhfə verə bilər.

Onun sözlərinə görə, bu gün bağçalarda yer çatışmazlığı bir çox valideynlər üçün ciddi problemdir:

"Əgər dövlət bağçalarında yer tapılmırsa, özəl bağçaların olması zəruridir. Amma qiymətlər 150 manatdan başlayaraq 1500 manata qədər yüksəlir. Bu, bir çox ailələr üçün əlçatan deyil. Əgər Təhsil Nazirliyi özəl bağçaların ödənişlərini müəyyən qədər qarşılasa, anaların işləməsinə şərait yaranar, ailə büdcəsinə dəstək verilər."

QHT sədri qeyd edib ki, günərzi qayğı mərkəzləri də anaların işləməsi üçün mühüm imkanlar yaradır:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Günərzi qayğı mərkəzləri valideynlərə böyük dəstəkdir. Elektron qeydiyyatdan keçə bilməyən uşaqlar həmin mərkəzlərə yönləndirilir və orada keyfiyyətli xidmət alırlar. Bu, ailələrin həm sosiallaşmasına, həm də psixoloji rahatlığına müsbət təsir göstərir."

Ardı var...

 

Pərvanə Fərhadqızı