Ölkədə uşaq bağçalarına tələbat artmaqda davam edir və valideynlər, xüsusilə işləyən analar üçün bağçaların əlçatanlığı ciddi aktual məsələdir.
Məsələ ilə bağlı “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, hər iki valideynin işləməsi həm ailə büdcəsinə, həm də ölkə iqtisadiyyatına ciddi fayda verir. Onun fikrincə, bu baxımdan özəl bağçaların qiymətlərinin standartlaşdırılması və dövlət tərəfindən dəstəyin gücləndirilməsi günün ən aktual məsələlərindəndir:
"Gənc analar da təhsil alıb, inkişaf ediblər və onlar işləmək, ailə büdcəsinə dəstək olmaq istəyirlər. Bunun üçün bağçaların əlçatanlığı vacibdir. Əgər qiymətlər standartlaşdırılsa və dövlət dəstəyi artsa, bu, həm sahibkarlar üçün, həm də ailələr üçün faydalı olacaq."
QHT sədri əlavə edib ki, günərzi qayğı mərkəzləri anaların işləməsinə imkan yaradaraq uşaqlar üçün təhlükəsiz və keyfiyyətli sosial mühit təmin edir. O, həmçinin ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə özəl bağçaların həm keyfiyyəti, həm də qiymətləri daha əlçatan olacaq və hər bir ailə üçün uyğun şərait formalaşacaq.
Pərvanə Fərhadqızı












