“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova QHT.az-a açıqlamasında bildirib ki, məktəbəqədər təhsildə yerlərin çatışmazlığının aradan qaldırılması və xidmətlərin keyfiyyətinin artırılması üçün sistemli tədbirlər görülməlidir.
Onun sözlərinə görə, bu istiqamətdə əsas addımlar aşağıdakılardır:
-
Bağça şəbəkəsinin genişləndirilməsi – xüsusilə Bakı və regionlarda yeni uşaq bağçalarının tikintisi və mövcudlarının təmiri.
-
Özəl sektorun və QHT-lərin dəstəklənməsi – xidmətlərin qiymətlərini aşağı salmaq üçün subsidiyalar və güzəştlər.
-
Alternativ təhsil formalarının inkişafı – ailə və icma qrupları, məktəblərdə hazırlıq sinifləri və mobil məktəbəqədər qruplar.
-
Kadr potensialına sərmayə – tərbiyəçi peşəsinin nüfuzunun və əməkhaqqının artırılması, regionlarda mütəxəssislərin sistemli hazırlığı.
-
Monitorinq və planlaşdırma – məktəbəqədər yaşlı uşaqların sayının və ailələrin ehtiyaclarının müntəzəm təhlili, resursların düzgün bölüşdürülməsi.
Kəmalə Aşumova vurğulayıb ki, Azərbaycanda məktəbəqədər təhsil yenilənmə və inkişaf mərhələsini yaşayır və dövlət infrastrukturun genişləndirilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atır. Lakin bütün uşaqların təhsilə çıxışını təmin etmək üçün kompleks yanaşma – dövlət investisiyaları, özəl təşəbbüslərin dəstəyi, alternativ formaların inkişafı və kadr potensialının gücləndirilməsi – vacibdir.
“Yalnız bu halda ölkədə hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsilə çıxışının təmin edilməsi mümkün olacaqdır”, – deyə o əlavə edib.
Pərvanə Fərhadqızı












