Süni intellekt (AI) Avropada məhsuldarlığı növbəti beş il ərzində təxminən 1 faiz artıra bilər. Bununla yanaşı, texnologiyanın inkişafı bərabərsizliyin artması, enerji şəbəkələrinə əlavə yük düşməsi və Avropanın xarici texnologiyalardan asılılığının güclənməsi risklərini yaradır.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa İttifaqının maliyyə nazirlərinin Dublində keçirilən qeyri-rəsmi görüşü üçün hazırladığı sənəddə qeyd olunub. Sənəddə süni intellektin fayda və xərclərinin ölkələr, regionlar və işçilər arasında bərabər bölüşdürülməyəcəyi bildirilib.
BVF-nin hesablamalarına görə, inkişaf etmiş Avropa iqtisadiyyatlarında çalışanların təxminən 60 faizi süni intellektə yüksək səviyyədə məruz qalan peşələrdə işləyir. Süni intellekt bəzi işçilərin məhsuldarlığını artıra bilsə də, rutin işlərin avtomatlaşdırılması nəticəsində bəzi iş yerlərinin sıradan çıxması mümkündür.
Sənəddə Avropadakı məlumat mərkəzlərinin hazırda qitənin elektrik enerjisinin təxminən 3 faizini istehlak etdiyi və AI istifadəsinin genişlənməsi ilə enerji tələbatının ciddi şəkildə artacağı qeyd olunub. Frankfurt, London, Amsterdam, Paris və Dublin kimi texnologiya mərkəzlərində məlumat mərkəzləri artıq yerli elektrik şəbəkələrinə təzyiq göstərir.
BVF Avropa İttifaqına ölkələrarası enerji şəbəkəsinə investisiyaları artırmağı və enerji bazarının inteqrasiyasını dərinləşdirməyi tövsiyə edib.
Bundan başqa, ABŞ və Çinin süni intellekt modellərinin hazırlanmasında üstün mövqedə olması Avropanın xarici texnologiyalardan asılılığı ilə bağlı risk yaradır. BVF Avropanın bu asılılığı azaltmaq üçün öz AI sənayesinə ciddi investisiyalar yatırmalı olduğunu vurğulayıb.
Sənəddə həmçinin daha inkişaf etmiş Avropa iqtisadiyyatlarının süni intellektdən daha çox fayda əldə edə biləcəyi və texnologiyanın yaratdığı iqtisadi üstünlüklərin Aİ daxilində bərabər bölüşdürülməyəcəyi bildirilib.












