İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi “Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin icra müddəti 3 aydır və 01.08.2025–31.10.2025-ci il tarixlərini əhatə edir. Layihənin Bakı və Bakıətrafı kəndlərdə həyata keçirilməsi planlaşdırılır.
Layihənin məqsədi “Məişət zorakılığı haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı və erkən nikah problemlərinin ictimailəşdirilməsidir.
Layihə çərçivəsində “Məişət zorakılığı haqqında” Qanunun təbliği və erkən nikah probleminin ictimailəşdirilməsi üçün 3 ay ərzində 7 tədbirin keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə kollec tələbələri, müəllimlər, erkən nikaha məcbur edilənlər, onların yaxınları, KİV nümayəndələri və digər şəxslər iştirak edəcəklər.
Tədbirlərdə birinci təlimçi tərəfindən “Məişət zorakılığı haqqında” Qanun barədə ümumi məlumat veriləcək. Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, bu problemin həlli üçün Qanunda nəzərdə tutulmuş müddəalar, zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi, müxtəlif qurum və strukturların problemin həlli üçün vəzifələri və məsuliyyətləri barədə məlumat veriləcək. Eyni zamanda iştirakçılar Qanunun daha səmərəli işləməsi üçün lazım olan mexanizmlər barədə təkliflər verəcək, müxtəlif qurumların Qanunun işləməsi üçün birgə fəaliyyəti müzakirə ediləcək.
İkinci təlimçi tərəfindən erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, onların aradan qaldırılması üçün qəbul edilən sənədlərdə nəzərdə tutulan cəza tədbirləri barədə məlumat veriləcək. Erkən nikah problemini yaradan səbəblər araşdırılacaq və problemin həlli üçün müxtəlif təkliflər səsləndiriləcək. Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə Qanunla müəyyən olunmuş cəzalar barədə məlumat veriləcək. Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumlar müəyyən olunacaq və onların problemin həlli üçün birgə fəaliyyəti müzakirə ediləcək. İştirakçıların rəy və təklifləri yazılı şəkildə toplanacaq.
Tədbirlər maarifləndirmə, müzakirələr və kiçik qruplarda işdən ibarət olacaq. Bakı və Bakıətrafı kəndlərdə 7 treninq-seminar həyata keçiriləcək. Hər tədbirdə 20 nəfərin, ümumilikdə 140 nəfərin iştirakı planlaşdırılır.
Layihə nəticəsində 140 nəfər tədbir iştirakçısı “Məişət zorakılığı haqqında” Qanunla bağlı məlumat alacaq, qanunun tətbiq olunması və işləmə mexanizmi barədə rəy bildirəcək, təkliflər verəcək və bu sahədə olan problemləri müzakirə edəcək. Erkən nikah problemi ictimailəşəcək, problemin yaranma səbəbləri və mənfi fəsadları haqqında əhalinin bilik və məlumatı artacaq. Dövlət strukturlarının və cəmiyyətin diqqəti erkən nikah probleminə yönələcək.
Dinləyicilər erkən nikaha məcburetmə zamanı müvafiq cəza tədbirləri barədə məlumatlandırılacaq və müvafiq qurumların bu sahə ilə bağlı cəza tədbirlərinə əməl etmələrinə ictimaiyyətin nəzarəti artacaq. İştirakçıların rəy və təklifləri nəzərə alınmaqla təkliflər hazırlanacaq və donor təşkilata təqdim olunacaq.






