ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılmasından bir il sonra qurumun keçmiş əməkdaşı Jeremiah A. Carew agentliyin niyə bu qədər asanlıqla hədəfə çevrildiyini açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Carew-in sözlərinə görə, minlərlə USAID əməkdaşının işini itirməsindən bir il ötür. O hesab edir ki, ABŞ ictimaiyyətinin böyük hissəsi USAID-in nə iş gördüyünü və fəaliyyətinin niyə vacib olduğunu kifayət qədər bilmirdi.

2025-ci ilin yanvarında “Hökumətin Səmərəliliyi Departamenti” (Doge) fəaliyyətə başlayıb və USAID onun ilk hədəflərindən biri olub. Carew bu prosesi xaotik və riskli kampaniya kimi qiymətləndirib. Onun sözlərinə görə, hətta Elon Musk sonradan belə bir addımı yenidən təkrarlamayacağını bildirib.

Müəllif qeyd edib ki, həmin dövrdə ictimaiyyət USAID haqqında kifayət qədər məlumatlı olmadığı üçün Muskın agentliklə bağlı sərt və ittihamedici açıqlamalarına qarşı güclü arqumentlər formalaşmadı. Musk USAID-i “cinayətkar təşkilat” və “radikal sol marksistlərin yuvası” adlandırmışdı.

Carew hesab edir ki, agentliyin zəif ictimaiyyətlə əlaqələr siyasəti də vəziyyətə təsir edib. USAID xarici ölkələrdə həyata keçirdiyi humanitar və inkişaf proqramlarının ABŞ üçün əhəmiyyətini cəmiyyətə kifayət qədər çatdıra bilməyib.

Keçmiş əməkdaş USAID-in vəziyyətini NASA ilə müqayisə edərək bildirib ki, NASA-nın eyni şəkildə hədəfə çevrilməsi daha çətin olardı. Onun fikrincə, bunun əsas səbəbi NASA-nın fəaliyyətinin və ölkə üçün əhəmiyyətinin ictimaiyyətə daha yaxşı izah edilməsidir.

Carew-in qənaətinə görə, USAID ətrafında baş verənlər dövlət qurumları üçün mühüm dərsdir: fəaliyyətin cəmiyyətə düzgün izah edilməməsi yanlış təsəvvürlərin yayılmasını və qurumun siyasi hücumlar qarşısında daha müdafiəsiz qalmasını asanlaşdıra bilər.