27.05.2020 20:23 5228

Sumqayit Mütəxəssislər Birliyinin 20 illiyi tamam olur - MÜSAHİBƏ

27 may 2000-ci ildə Potensial Sumqayit Mütəxəssislər Birliyi rəsmi dövlət qeydiyyatına alınmışdır. Bu gün təşkilatın 20 İLLİK YUBİLEYİDİR.

Bu münasibətlə Potensial Sumqayit Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev QHT.az-a müsahibə verib.

- Sahib müəllim, təşkilatın yaranma səbəbi haqqında məlumat verməyiniz xahiş edirik.

 

- Qeyri hökumət təşkilatları hüquqi dövlətin, mülki cəmiyyətin əsas atributudur. Cəmiyyətin ən fəal təbəqələri qeyri hökumət təşkilatlarında birləşir və ölkənin ictimai-siyasi həyatında rast gəlinən problemlərin həllində birgə iştirak etməyə çalışırlar. Ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişaf tarixi dövlət müstəqilliyini əldə etdiyimiz dövrdən sonra başlanmışdır. 1998-ci ildə Ulu öndər H.Əliyevin Azərbaycandan kənarda təhsil almış mütəxəsislərlə görüşü və bu görüşdə tarixi çıxışından sonra dostlarla qərara gəldik ki, yüksək intellektual potensiallı mütəxəssisləri bir qurumda birləşdirməklə cəmiyyət üçün faydalı işlərin görülməsində fəal iştirak edək. Ötən bu 20 illik fəaliyyətimizə nəzər yetirəndə qürurla deyə bilirik ki, nə yaxşı ki, vətəndaş cəmiyyəti quruculuğu prosesinə vaxtında, cəmiyyətin buna ehtiyacı olan zamanda qoşulmuşuq.

Birliyimiz formalaşan gündən konkret məqsədlər qarşısına qoymuş və bu məqsədlərə nail olmaq istiqamətində səylə irəliləməyə çalışmışdır. İlk öncə öz imkanlarımız hesabına şəxsi ofis binası inşa etməklə davamlı və dayanıqlı fəaliyyətimizin təməlini qoyduq.

 

- Təşkilatınız ilk fəaliyyəti haqqında nə deyə bilərsiniz, hansı layihələr imza atdınız?

 -Hüquqi maarifləndirmə, kütləvi məlumatlandırma növbəti mərhələdə fəaliyyətimizin əsas prioritet istiqaməti oldu. Böyük Britaniyanın OXFAM Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə 1999-cu ildə aztəminatlı əhaliyə xidmət edən pulsuz hüquqi yardım mərkəzini təşkil etməklə Sumqayıt şəhərində yüzlərlə qaçqın və məcburi köçkünə, əlilə, qocaya, qadına mənəvi dayaq olduq. Bu fəaliyyətimizi indiyə qədər davam etdirməklə 20 min nəfərdən çox pulsuz hüquqi yardım və məsləhət xidməti göstərmişik. Birliyimizin bütün uğurları yarandığı vaxtdan xeyirxah və humanist bir niyyətlə fəaliyyətə başlaması, həmişə cəmiyyətdə ehtiyac duyulan problemlərlə məşğul olması və əlbəttə ki, nizamnamə məqsədlərinə nail olmaq üçün məsuliyyətli, peşəkar işçi heyəti formalaşdırması ilə bağlı olmuşdur.

Təşkilatımız üzvlərinin peşə bacarıqlarının artırılmasına və bilik səviyyələrinin yüksəldilməsinə həmişə diqqət yetirib. Birlik üzvlərini müxtəlif təlimlərə cəlb edir, onların yeni bilik və vərdişlər, bacarıqlar əldə etməsinə çalışırıq. Xüsusi ilə Birliyimizin üzvü olan gənclərin püxtələşməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə önəm veririk. Onların nəinki ölkəmizdə, eləcə də xarici ölkələrdə keçirilən tədbirlərdə, təlimlərdə iştirak etməsinə kömək edirik. Eləcə də, təşkilatımızım əməkdaşları və könüllülərinin bilgilərinin və bacarıqlarının artırılması fəaliyyətimizin prioritet istiqamətidir.

Hesab edirik ki, təşkilatımızın uğurları yarandığı vaxtdan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmağımızla bağlıdır. Belə ki, 1999-cu ildə Böyük Britaniyanın OXFAM Beynəlxalq Humanitar Təşkilatı ilə əməkdaşlığa başlayaraq Sumqayıtda ilk Pulsuz Hüquqi Yardım Mərkəzi təşkil etdik. Doğrudan da həmin vaxtlarda Sumqayıt pulsuz hüquqi xidmətə böyük ehtiyac var idi. Vaxtilə gənclik şəhəri kimi öyündüyümüz Sumqayıt şəhəri başdan-başa işsizlər, yoxsullar şəhərinə çevirmişdi. Şəhərdə fəaliyyət göstərən yeganə Hüquq məsləhətxanasında xidmət haqqının ödənilməsində heç kimə hətta güzəşt də etmirdilər. Belə bir şəraitdə fəaliyyətə başladıq və bir çox qaçqın və məcburu köçkün, müharibə veteranına, əlilə, şəhid ailəsinə, qocalara, qadınlara təmənnasız hüquqi yardım göstərdik. Mövcud şəraiti, pulsuz hüquqi xidmətə olan böyük ehtiyacı, eləcə də təşkilatımızın işgüzarlığımı qiymətləndirən OXFAM Beynəlxalq Humanitar Təşkilatı növbəti mərhələdə 1 illik layihəmizi dəstəklədi. Yeni layihə müddətində təkcə aztəminatlı təbəqəyə pulsuz hüquqi yardımla kifayətlənməyib aztəminatlı əhalinin hüquqları və güzəştləri ilə bağlı geniş maarifləndirmə tədbirlərinə də üstünlük verdik. Yerli mətbuatda və televiziyada müntəzəm çıxışlar etdik, informasiya vərəqləri və bülletenlər çap etdirib yaydıq, təhsil və səhiyyə müəssisələrində müxtəlif mövzularda maarifləndirici seminarlar təşkil etdik. Bütün imkanlarımızı səfərbər edərək layihəni yüksək səviyyədə həyata keçirdik. Növbəti ildə isə OXFAM Beynəlxalq Humanitar Təşkilatı daha əhəmiyyətli və əhatəli bir layihəmizi dəstəklədi. Yeni layihə çərçivəsində ölkəmizin 25 rayonunda təlimlər, seminarlar təşkil etdik. Həmin rayonların yerli dövlət, özəl, bələdiyyə qurumları, yerli QHT-ləri ilə görüşlər keçirib bu regionlarda yoxsulluğun azaldılması üçün zəruri tədbirlərə dair təkliflər paketi hazırlayıb donorlara və yuxarı dövlət orqanlatına təqdim eymişdik. Sonrakı illərdə də OXFAM-la əməkdaşlıq şəraitində həm Sumqayıtda, həm də regionlarda onlarla kütləvi tədbirlər, seminarlar, treninqlər, rəsm, inşa müsabiqələri təşkil etmiş, informasiya vərəqləri, hüquq bülletenləri, kitablar, bukletlər çap edib yaymış, tok-şou və TV proqramları hazırlayıb yerli TV ilə yayımlamış, maarifləndirici film hazırlayıb DVD şəklində regionlarda yaymışıq.

- Təşkilatınızın  digər beynəlxalq donorlara əməkdaşlıq ilə bağlı və uğurlu layihələrlə bağlı nə demək olar?

- Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində təşkilatımız daha da püxtələşir, yeni donorlarla əlaqə qurur və regionun ictimai həyatı üçün əhəmiyyətli olan layihələr həyata keçirirdi. Təşkilatımızın işə vicdanlı yanaşması, məsuliyyətli münasibəti donorların diqqətini cəlb edirdi. Ona görə də, bəzi donorlar təşkilatımızla uzunmüddətli əməkdaşlığa üstünlük verərək bir neçə layihəmizə maliyyə dəstəklərini əsirgəməmişlər. Norveç Kralığının ölkəmizdəki Səfirliyi, Norveş Qaçqınları Şurası, Avrasiya Fondu, ABŞ-ın ölkəmizdəki Səfirliyi ayrı-ayrı illərdə bir neçə layihəmizi dəstəkləmişdir.

2006-cı ildə Counterpart İnternational Təşkilatı Azərbaycanda “Vətəndaş cəmiyyəti layihəsi”nin icrasına başladı. Bu layihə çərçivəsində təşkilatımız yüzlərlə təşkilat arasında seçilən 8 ən güclü dəstək təşkilatdan biri oldu. Layihə çərçivəsində Sumqayıt və Quba-Xaçmaz bölgəsinin QHT-lərinin bacarıqlarının artırılması, bələdiyyə idarəçiliyində ictimai iştirakçılığın artırılması, yerli idarəçilikdə şəffaflığın artırılması, yerli dövlət, bələdiyyə, QHT, media əməkdaşliğının inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirtdik.

Ümimiyyətlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəmizi çox uğurlu və əhəmiyyətli hesab edə bilərik. Bunu 12 illik fəaliyyətimizin həm kəmiyyət göstəriciləri, həm də keyfiyyət göstəriciləri də təsdiq edir. Belə ki, ötən dövr ərzində təşkilatımız yerli və beynəlxalq donorların dəsdəyi ilə 35 layihə həyata keçirmişdir. Həyata keçirilən layihələin və donorlarla əməkdaşlığın keyfiyyət göstəriciləri ilə bağlı onu qeyd edə bilərik ki, fəaliyyətimiz dövründə heç bir donorla təşkilatımız arasında problemlər yaranmamış, işimizə iradlar bildirilməmişdir. Əməkdaşlıq etdiymiz donorlardan, dövlət və bələdiyyə qurumlarından aldığımız zəmanət məktubları işimizə, fəaliyyətimizə, əməkdaşlığımıza, etibarlılığımıza verilən ən yüksək qiymətdir.

- Bildiyimiz kimi, ölkədə vətəndaş cəmiyyətinin inkişaf ilə bağlı milli donor institutları yaradıldı.  Potensial Sumqayit Mütəxəssislər Birliyi bu donorlara əməkdaşlıq edirmi?

- Ölkəmizdə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması və yerli QHT-lərin fəaliyyətlərinin dəstəklənməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılmasını alqışlayaraq Şuranın elan etdiyi ilk qrant müsabiqəsinə layihə təqdim etmişdik. Şura “Sumqayıt şəhərində fəaliyyət göstətən QHT və icmaların bacarıqlarının artırılması və onların institusional inkişafının dəstəklənməsi” mövzusundakı layihəmizi dəstəkləmişdi. Şuranın etimadını doğrultmaq üçün layihədə qarşıya qoyduğumuz vəzifələri məsuliyyətlə həyata keçirməyə başladıq. Ötən dövr ərzində də Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə səmərəli əməkdaşlığımız davam edir.

- Sahib müəllim, QHT.az olaraq  sizi və təşkilatın bütün üzvlərini 20 illik yubiley münasibətilə təbrik edir və vətəndaş cəmiyyətinin sektorundakı fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

 

- Təşəkkür edirəm, mən də bütün PTENSİALIN külüng vuranlarının əməyini yüksək qiymətləndirirəm, 20 illik yubileyimiz mübarək olsun. Hər birinizi bu gün münasibəti ilə ürəkdən təbrik edirəm və vətəndaş cəmiyyətinin qurulmasında fədəkar əməyinizə görə hər birinizə təşəkkür edirəm.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı