Xəbərlər 03.07.2025 19:55 27

QHT nümayəndələri və müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş olub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə və QHT nümayəndələri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədrinin müavini Vüqar Məmmədov son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər və tətbiq edilən alternativ reabilitasiya üsulları barədə məlumat verib.

Qeyd olunub ki, postmüharibə dövründə Agentliyin Reabilitasiya mərkəzlərində 3600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib və həmin xidmətlər bu gün də davam etdirilir.

Peşəkar həkim komandası və müasir reabilitasiya xidmətləri hesabına artıq onların əksəriyyəti əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.

Bunun nəticəsi olaraq həmin müharibə iştirakçılarının böyük bir qismi istər dövlət, istərsə də özəl sektorda müxtəlif vəzifələrdə çalışırlar.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 27 min şəxsin məşğulluğuna dəstək göstərildiyini bildirib.

Onlardan 12,7 min şəxsin özünüməşğulluq proqramına cəlb olunaraq Agentlik tərəfindən kiçik bizneslərinin qurulmasına dəstək göstərildiyi diqqətə çatdırılıb. Digərləri münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb.

Əzalarını itirmiş müharibə iştirakçılarının protezlə təminatı sahəsində də böyük işlər görüldüyü vurğulanıb. Dünyanın qabaqcıl şirkətləri olan “Ottobock” (Almaniya) və “ÖSSUR” (İslandiya) şirkətləri ilə sıx əməkdaşlıq qurularaq, 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlərlə bağlı, eləcə də məşğulluq tədbirləri barədə razılıqlarını ifadə ediblər.

Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı