Xəbərlər 13.05.2023 10:37 2946

İrəvan Kənd Təsərrüfatı Texnikumunun təhsilimizdə rolu - MÜSAHİBƏ

QHT. az bildirir ki,  Qərbi Azərbaycan üzrə araşdırmaçı İradə Rizazadənin SİA-ya müsahibəsini təqdim edirik:

 

- İradə xanım, bildiyiniz kimi İrəvanda çox zəngin milli maarifçilik mühiti olub. Bir sıra ali və orta ümumtəhsil ocaqları fəaliyyət göstərib ki, bunlardan biri də İrəvan Kənd Təsərrüfatı Texnikumudur. Siz də həmin texnikumda müəllim kimi fəaliyyət göstərmisiniz. Texnikumun yaranma tarixi və fəaliyyəti barədə nə deyə bilərsiniz?

 

- 1928-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsində əmələ gələn böyük dəyişiklik eyni zamanda, mexanizator, aqronom və zootexnik kadrlarının hazırlanması və təkmilləşdirilməsi tələbini irəli sürürdü. Bunsuz müasir maşınlardan məhsuldarlıqda istifadə etmək, əməyin mexanikləşdirilməsinə nail olmaq mümkün deyildi.

 

Sovet hakimiyyətinin ilk dövrlərində qısamüddətli kurslar vasitəsilə mexanizator kadrları hazırlanırdı. İlk dəfə belə bir kurs 1925-ci ildə İrəvan şəhərində təşkil edilmişdi. Sonrakı illərdə də bir sıra başqa rayonlarda da bu kimi qısamüddətli kurslar təşkil edilərək fəaliyyət göstərib. Müasir texnikadan məhsuldarlıqda istifadə etmək, əməyin mexanikləşdiril¬məsinə nail olmaq üçün 1928-ci ildə İrəvanda Erməni Kənd Təsərrüfatı Texnikumu təşkil edildi. Həmin ildə Erməni Kənd Təsərrüfatı Texnikumu nəzdində 36 nəfər tələbədən ibarət bir azərbaycanlı şöbəsi yaranaraq fəaliyyət göstərmişdi. Həmin şöbə azərbaycanlı rayonları üçün aqrotexnik və zootexnik kadrları hazırlanırdı. Texnikumun azərbaycanlı şöbəsinin müdiri Əli Yüzbaşıyev, təsərrüfat şöbəsinin müdiri isə Həsən Rəhimov təyin edilmişdi.

 

- Erməni şovinizmi əhatəsində Erməni Kənd Təsərrüfatı Texnikumu nəzdində Azərbaycan bölməsinin fəaliyyətində nə kimi çətinliklər yaranırdı?

 

- Bütün azərbaycanlı məktəblərində olan problemlər bu texnikumda da mövcud idi. Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda məlum olurdu ki, ilk tədris ilində 36 nəfər tələbədən 9 nəfəri məcburiyyət qarşısında qalaraq təhsillərini davam etdirə bilməmişdi. Tələbələr dözülməz şəraitə tab gətirə bilməyib, texnikumu tərk edirdilər. Hətta bu barədə o vaxtlar Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycan dilində yeganə mətbuat orqanı olan "Qızıl şəfəq" qəzeti yazır ki, "tələbələrə nə üçün gedirsiniz?" sualını verdikdə cavabında deyirlər: "müdriyyət bizə baxmır, müəllimimiz yox, Abovyanda boş gəzməkdənsə Bakı texnikumlarına gedib elm öyrənmək lazımdır, son dəfə müdir (erməni) Tiflisə gedərkən neçə yüz manatlıq erməni və rus kitabları gətirdiyi halda, türkcə heç bir kitab da gətirməmişdir". Dərs kitablarının, proqramların, lazımı vəsaitlərin olmaması, digər tərəfdən isə azərbaycanlı müəllimlərinin çatışmaması tələbələrin mün¬tə¬zəm dərs keçmələrini əngəlləyirdi. Ermənistanın şovinist rəhbərləri və müvafiq dairələri azərbaycanlı tələbələrə daşnak mövqeyindən yanaşırdılar. Texnikum haqqındakı məlumatlardan məlum olur ki, 1932/33-cü tədris ilinə qədər azərbaycanlı şöbəsinin dərsləri vaxtlı-vaxtında başlamamışdır. 1933-cü ildə isə Erməni Kənd Təsərrüfatı Texnikumunun nəzdində fəaliyyət göstərən azərbaycanlı şöbəsi müstəqil texnikuma çevrilmişdi. İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu müstəqil texnikuma çevrildiyi vaxtda xüsusi binası, laboratoriyaları, fənn kabinetləri, yataqxanası, yeməkxanası, mədəni müəssisələri xüsusi təhsil və təsərrüfat şöbələri belə yox idi. Texnikumun illik büdcəsi demək olar ki, çox az idi. Bu ağır və dö¬zülməz şəraitə baxmayaraq, azərbaycanlı tələbələr təhsillərini davam etdirirdilər.

 

Yeni yaranmış İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna tanınmış maarif xadimlərindən olan Həbib Məhəmmədzadə direktor təyin olunandan sonra işlər müəyyən qədər öz məcrasına düşür. Əli Həsənov isə texnikumun tədris işləri üzrə şöbə müdiri vəzifəsinə təyin edilir.

 

Texnikumun fədakar kollektivinin yorulmaz səyi sayəsində 1935-1936-cı tədris ilini yüksək göstəricilərlə başa vuran bu təhsil ocağı 1936-1937-ci tədris ilini hazırlıqlı qarşılamaq üçün qarşıya qoyulan məsələlərin həllini uğurla başa çatdırmışdır. Texnikumun rəhbərliyinin fəaliyyəti nəticəsində 1936-1937-ci tədris ilində ixtisaslı müəllim kadrları ilə təmin edilmişdir ki, onların da hamısı ali təhsilli idi. 1936-cı tədris ilində texnikuma qəbulun həyata keçirilməsinə xüsusi diqqət yetirilmiş və əlavə 2 qrupun açılması nəzərdə tutulmuşdu.

 

- Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda, təhsil müəssisəsinin Həbib Məhəmmədzadənin təqdirəlayiq fəaliyyəti barədə nə deyə bilərsiniz?

 

- Əlbəttə ki, Həbib Məhəmmədzadə həmin dövrlərdə Qərbi Azərbaycanda qabaqcıl maarif xadimi kimi tanınırdı. Eyni zamanda, Moskvada ali təhsil almışdı. Onu da qeyd edim ki, o İrəvanın tanınmış, görkəmli Məhəmmədzadələr soyunun nümayəndələrindən idi. Həbib Məhəmmədzadənin texnikuma direktor təyin olunmasından sonra bu təhsil ocağında əsaslı dönüş yaradılmışdır. Qısa zaman ərzində onun rəhbərliyi ilə texnikumda zəngin laboratoriyaların yaradılması, keçirilən fənlərin tələbələrə daha yaxşı mənimsənilməsi üçün praktiki cəhətdən əlaqələndirilməsi məqsədilə təşkil edilmiş laboratoriyalarda çalışmaq üçün bir sıra mühüm alət və avadanlıqların ələ gətirilməsinə nail olunmuşdur. Həbib Məhəmmədzadə təkcə texnikumun maddi texniki bazasının möhkəmləndirilməsi baxımından deyil, eyni zamanda bu təhsil ocağına tələbə qəbulunun sayının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də ciddi dönüş yarada bilmişdir. Qərbi Azərbaycanın azərbaycanlılar yaşayan rayonlarında, bölgələrində kənd təsərrüfatı və maldarlıq sahəsində çalışmaq üçün daha çox kadrlara ehtiyacı olan rayonlardan tələbə qəbulunun həyata keçirilməsinə nail olmuşdur. İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı texnikumu getdikcə kənd təsərrüfatı kadrlarına olan ehtiyacın artması ilə əlaqədar olaraq tələbə kontingentinin sayını artırdı. 1936-cı ildə texnikumda iki şöbə fəaliyyət göstərirdi ki, onlardan biri aqrotexnik, digəri isə zootexnik şöbəsi idi. Həbib Məhəmmədzadənin texnikuma rəhbərliyi etdiyi dövrdə bu təhsil ocağı bütün lazımi vəsait, zəruri olan alətlər və avadanlıqlarla təchiz edilmişdir. 1936-cı ildə texnikumun binası əsaslı təmir edilmiş, əlavə yardımçı auditoriyaların tikintisi həyata keçirilmişdir. Amma bununla yanaşı bir sıra ixtisaslar üzrə ədəbiyyatların çalışmazlığı problemi hələ də qalmaqda idi.

 

- İrəvandakı milli təhsil müəssisələri, o cümlədən, Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafında nə kimi rol oynayırdı?

 

- İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu təkcə kənd təsərrüfatı üzrə mütəxəssislər hazırlamırdı. Eyni zamanda, texnikumun müəllim və tələbə kollektivi İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına, ana dilində yeganə mətbuat orqanı olan “Qızıl şəfəq” qəzetinin yayılmasında və onun abunəçilərinin sayının artırılmasında da böyük rol oynayırdılar. Əgər həmin dövr İrəvan Azərbaycan ədəbi-mədəni mühitində fəaliyyət göstərən yaradıcı ziyalıların fəaliyyətimə diqqətlə nəzər salsaq, görərik ki, həmin ədəbi qüvvələrin əksəriyyəti İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun və İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun müəllim və tələbələridir. Təkcə 1933-cü ildə texnikumun müəllim və tələbə kollektivi İrəvan azərbaycanlı məktəbləri ilə birlikdə “Qızıl şəfəq” qəzetinə 787 manat 50 qəpiklik abunə yazmışdır.

 

- Sözsüz ki, tədrisin keyfiyyətini şərtləndirən başlıca amil tədris ocağının müstəqil binaya malik olmasıdır. Tədrisin yüksək səviyyədə qurulmasını şərtləndirən ən başlıca cəhət müstəqil bina ilə təmin olunmasıdır. İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu neçənci ildə müstəqil bina ilə təmin edildi? Bu ayrı-seçkiliyin səbəbi nə idi. 

 

- Əvvəla, erməni məktəblərindən fərqli olaraq Azərbaycan təhsil müəssisələrinə qarşı ayrı-seçkilik hər zaman özünü açıq şəkildə büruzə verirdi. Amma buna baxmayaraq texnikumun direktoru Həbib Məhəmmədzadənin ciddi səyi sayəsində texnikum 1934-cü ildə müstəqil bina ilə təmin edildi. Texnikum müstəqil bina ilə təmin edildikdən sonra 1934-cü tədris ilinə hazırlıq işlərini uğurla başa çatdıraraq dərslər vaxtında başlamışdır. Texnikumun ali təhsilli Rəhim Allahverdiyev, Hüseyn Əliyev və s. ixtisaslı müəllim kadrları ilə təmin edilməsilə yanaşı, tələbələrin müxtəlif ləvazimatlarla təchiz edilməsi, burada ciddi nizam intizamın yaradılması bu tədris ocağının uğurlarını getdikcə daha da artırırdı. Artıq müstəqil bina ilə təmin edilən İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunda tədrisin yüksək səviyyədə qurulması üçün geniş imkanlar yaranmışdı.

 

Onu da qeyd edim ki, Hüseyn Əliyev bağbançılıq, Əli Yüzbaşıyev riyaziyyat, Rəhim Həsənov maldarlıq və ciftləşmə, Hüseyn Səfərov idman fənlərini tədris edirdilər. Texnikumun rəhbərliyi 1935-1936-cı tədris ilində təhsilin keyfiyyəti uğrunda mübarizəni genişləndirmiş və tədris ilini uğurla başa vurmuşdur. 1936-cı ilin yay imtahan sessiyasına hazırlıq, zəif tələbələrin hazırlaşdırılması işləri işlərində texnikumun müəllimlərindən Rəhim Allahverdiyev, Əli Həsənov və başqaları var qüvvəsi ilə çalışmışlar. Onlar dərslərindən əlavə zəif tələbələrlə fərdi qaydada məşğul olmuş, onların əlaçı tələbələr sırasına qoşulmasına böyük köməklik göstərirdilər. 1936-cı tədris ilinin yekunlarına nəzər saldıqda məlum olur ki, ümumi tələbələrin 31 faizi əla, 49 faizi yaxşı, 13 faizi orta, 7 faizi isə kafi qiymət almışlardı. Texnikumun 3-cü kurs tələbələri Abbas Zeynalov, Hüseyn Novruzov, Azər Zeynalov, Yaqub Məhərrəmov, Zəhra Süleymanova və başqaları yay imtahan sessiyalarını uğurla başa vurmuş əlaçı tələbələr sırasına daxil olmuşdular. İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu həmin vaxtlarda mövcud dövrün tələblərinə uyğun olaraq Ermənistanda keçirilən sosializm yarışında iştirak edən texnikumlar içərisində uğurlu fəaliyyətinə görə ikinci yeri tutmuş və mükafata layiq görülmüşdür. Əlbəttə ki, bu təhsil ocağının böyük uğurlara nail olmasında onun fədakar rəhbərliyi və kollektivinin böyük xidməti vardır.

 

Texnikumun 1935-36-cı tədris dövrünə nəzər saldıqda məlum olur ki, yeni mexanizator kadrlarının yetişdirilməsi, burada təhsilin səmərəsini artırmaq, bilikləri təcrübə ilə əlaqələndirmək üçün lazımi şərait yaradılmışdı. Texnikumun rəhbərliyi azərbaycanlı kəndlərində kənd təsərrüfatı və maldarlıq sahəsində çalışmaq və kadr ehtiyacını ödəmək üçün tələbə kontingentinin sayını həmin ehtiyaca uyğun müəyyənləşdirməyə çalışırdı. 1935/36-cı tədris ilində texnikumda iki şöbə fəaliyyət göstərirdi ki, bunlar da aqrotexnik və zootexnik şöbələrindən ibarət idi.

 

Texnikum mövcud olduğu ilk 8 il ərzində yəni, 1936-cı ilə kimi azərbaycanlı kəndlərinə 115 nəfər mütəxəssis hazırlamış, bunlardan 101-ci aqrotexnik, 14-ü zootexnik ixtisasına yiyələnmiş kadrlar yetişmişdir. Bundan başqa, 1936-cı ildə texnikumu bitirən məzunlardan ikisi Ümumitttifaq Zoologiya İnstitutuna, 15-i isə Azərbaycan Kənd Təsərrüfatı İnsti¬tutuna ali təhsil almaq üçün göndərilmişdir. Buraxılan məzunların əksəriyyəti isə Vedibasar, Ağbaba, Ba¬şarkeçər, Dilican, Hamamlı və başqa pambıqçılıq, ta¬xıl¬çılıq və heyvandarlıq rayonlarında çalışırdılar. Vedi rayonunda Zeynal Bayra¬mov, Hamamlıda Abuzər Rzayev, Başarkeçərdə Məhəmməd İsma¬yı¬lov, Üç¬mü¬əd¬¬zində Rza Bayramov, Zəngibasarda Həsən Həsənov kənd təsərrüfatının inkişafında böyük işlər görürdülər.

 

Texnikumda istehsalat təcrübəsi bütün tədris prosesinin üzvi hissəsi olmuşdur. Nəzəri biliyi təcrübə ilə əlaqələndirmək onu təcrübədə tətbiq etmək üçün tələbələrin bu sahədə köməyə böyük ehtiyacı yarandığından texnikumun tədris planında 1935-1936-cı təhsil üçün 400 saatlıq istehsalat təcrübəsi keçirilmişdi. İstehsalat təcrübəsi texnikum rəhbərliyinin müəyyən etdiyi İrəvandakı zavodlarda, Ələyəz, Şurabad sovxozunda keçirlimişdir. Tələbələr həmin zavod və sovxozlarda təcrübə keçməklə yanaşı, eyni zamanda texnikumun öz təsərrüfatında da əkinçilk və bağçılıqla bağlı təcrübə keçirdilər. 1935-ci ildən texnikuma 3 hektar bağ və əkinçilk üçün xüsusi torpaq sahəsi ayrılmışdır. Bu torpaq, təcrübə işlərində texnikum üçün əlverişli olduğu kimi, eyni zamanda təsərrüfatdan əldə edilən gəlir də bu təhsil ocağının müəyyən ehtiyacını ödəyirdi. Texnikum 1935-ci ildə həmin təsərrüfatdan 24 min manatlıq məhsul götürmüşdür. Bu da texnikumda tələbələrin hərbi, siyasi səviyyələrinin yüksəldilməsi, bir neçə fənn kabinetlərinin nizama salınmasına və burada mədəni tədbirlərin həyata keçiriməsi işinə sərf edilmişdir. İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumu müstəqil təhsil ocağına çevrildikdən sonra, öz varlığının üç ili ərzində həmişə Ümumittifaq texnikumları yarışında iştirak etmiş və bu yarışlarda birinciliyi qazanaraq dəfələrlə mükafatlandırılmışdır.

 

1935-ci tədris ilində İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunda maldarlıq, bağpencərçilik və çölçülük şöbələri də fəaliyyət göstərirdi. Bu istehsalat təcrübəsində, tələbələr müəyyən olunmuş sovxoz və kolxozlarda təcrübə keçməklə yanaşı həm də yüksək göstəricilərə nail olmuşdular.

 

- Texnikumun məzunları barədə nə deyə bilərsiniz? Azərbaycan təhsil tarixində İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun məzunlarının nə kimi rolu olub?

 

- Əlbəttə ki, texnikum haqqında məlumatlarda 1936/37-ci tədris ilində bu tədris ocağını uğurla başa vuran tələblərdən Surə Mehdiyeva, Sədi Tağızadə, Qurban Əliyev, Əminə İsmayılova, Tofiq İsmixanov, Hüseyn Novruzov, Abbas Zeynalov, Zəhra Süleymanova, Cümşüd Həsənov, Tahar Abbasov, Haxlı Həsənov, Hüseyn Məmmədov, Əli Bayramov, Salman Kazımov, Ellər İsmayılov, Tapdıq Qocayev və başqalarının adlarına rast gəlmək olur.

 

Amma onu da qeyd edim ki, Azərbaycanın bir sıra görkəmli tanınmış elm, mədəniyyət xadimləri akademik Məmmədtağı Cəfərov, akademik Məmməd Salmanov, prof. Bağır Bağırov, prof. Sadıq Şükürov, böyük ziyalı pedaqoq İbrahim Xəlilov, kənd təsərrüfatı elmləri namizədi Müzəffər Zeynalabdin oğlu Abbasov, ictimai xadim Novruz Dünyamalıyev, baytarlıq elmləri namizədi, Nazim Əli oğlu Tağıyev, iqtisad elmləri namizədi Fərrux Heydər oğlu Abbasov və başqaları bu tədris ocağının məzunları olmuşlar.

 

İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu 1967-cı ilə qədər azərbaycanlı kəndlərinə 1000 nəfərdən artıq orta ixtisas təhsilli kadr vermişdir ki, bunlardan da 400 nəfəri texnik mexanizator idi. Onu da qeyd edim ki, texnikumun nəzdində həm də qiyabi şöbə fəaliyyət göstərirdi.

 

- Texnikumun sonrakı taleyi barədə nə deyə bilərsiniz?

 

- Məumdur ki, erməni şovinist qüvvələri İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texikumunun fəaliyyətini əngəlləmək üçün müxtəlif vasitələrə əl atırdılar. Texnikumu mərkəzdən uzaqlaşdırıb daha ucqar bir bölgəyə köçürmək istəyirdilər. Amma azərbaycanlı ziyalıların iradəsi sayəsində İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu 1983-84-cü tədris ilində Zəngibasar rayonunun Dəmirçi kəndinə köçürüldü. Elə həmin ildən texnikumun adı dəyişdirilərək Dəmirçi Sovxoz Texnikumu adlandırıldı. 1988-ci ilə qədər fəaliyyət göstərmiş bu tədris ocağına müxtəlif vaxtlarda Əli Yüzbaşıyev, Əsgər Kən¬gərlinski, Həbib Məhəmmədzadə, Xəlil Səfərov, İsmayıl Şükürzadə, Məmməd Fərəcov, Rza Həsənov, Abbas Sadıqov, Sabir Əsədov, Cəfər Elyasov, Abbas Mustafayev, Səfər Səfərov və Nüsrət Sadıqov rəhbərlik etmişdir. Bu il yaranmasının 95 ili tamam olan İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun da Azərbaycan təhsil tarixində özünəməxsus yeri və rolu vardır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı