QHT sədri: DOST – könül rahatlığı ilə “təşəkkürlər!” deyən vətəndaş, inamla irəliləyən dövlət deməkdir.
6 il əvvəl, 2019-cu ilin mayın 9-da DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub.
DOST mərkəzləri bu gün Azərbaycanda dövlətin vətəndaşa qayğısının ən parlaq nümunəsidir. Bu mərkəzlər sadəcə xidmət məntəqəsi deyil, insanların könlünü alan, həyatını asanlaşdıran, işini yüngülləşdirən bir ünvandır. Bir zamanlar sadə bir sənəd üçün günlərlə idarə-idarə dolaşan vətəndaş indi bir ünvana – DOST-a üz tutur və rahatlıqla məsələsini həll edir.
Elə bir ab-hava yaradılıb ki, insan içəri daxil olan kimi sanki evinə gəlmiş olur – hər tərəf təmiz, səliqəli, personal isə gülərüz, nəzakətli və anlayışlıdır. Burada nə növbə əsəbi var, nə məmur soyuqluğu, nə də çarəsizlik.
Bu uğur yolunun başlanğıcı 2019-cu ilin may ayına gedib çıxır. Həmin tarixi gündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk DOST mərkəzinin açılışında iştirak etdilər. Bu, təkcə bir inzibati binanın açılışı deyildi – bu, dövlət-vətəndaş münasibətlərində yeni bir fəlsəfənin başlanğıcı idi. “Dayanıqlı və Operativ Sosial Təminat ” – yəni DOST ideyası məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə formalaşaraq Azərbaycanın sosial idarəçilik sisteminə inqilabi yenilik gətirdi.
DOST mərkəzləri bu gün əmək, məşğulluq, pensiya, əlillik, sosial yardım, reabilitasiya, övladlığa götürmə kimi 161 adda xidməti “bir pəncərə” prinsipi ilə təqdim edir. Bu isə vətəndaşın rahatlığı, şəffaflıq və sürətli qərar deməkdir. Burada insanın kim olduğuna baxılmır – hər kəsə eyni diqqət, eyni nəzakət göstərilir. Əlil arabasında gələnə də, şəhid ailəsinə də, işsiz gəncə də... DOST-da hər kəsə doğma münasibət var.
Qısa müddət ərzində artıq Bakı, Abşeron, Bərdə, Şuşa və Zəngilanda – o cümlədən Ağalı kəndində fəaliyyət göstərən “Smart DOST” daxil olmaqla – 7 DOST mərkəzi və xidmət məntəqəsi yaradılıb. Bu mərkəzlərə 3,5 milyondan çox vətəndaş müraciət edib. Rəqəmlər təsirli olsa da, əsas göstərici məmnunluq səviyyəsidir: 98,5%. Bu, vətəndaşların bu sistemə olan inamının göstəricisidir. Burada insan öz dəyərini hiss edir, anlayır ki, dövlət ona əl uzadır.
DOST mərkəzləri sadəcə sənəd təqdim edilən yer deyil, bu, həm də sosial dəstək, mənəvi dayaq məkanıdır. Buraya gələn hər kəs bir ailənin üzvü kimi qəbul olunur. Vətəndaşlar deyirlər: “Elə bil doğma evimizə gəlmişik.” Bu hissi yaratmaq isə heç də asan deyil – bu, ali məqsəd və yüksək idarəetmənin nəticəsidir.
DOST modeli təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da nümunə kimi təqdim olunur. Bu günə qədər DOST mərkəzləri 60-dan çox beynəlxalq mükafata layiq görülüb, o cümlədən 10-dan çox “Avropa üçün yaxşı təcrübə” mükafatı alıb. BMT tərəfindən “İnnovativ ictimai xidmət həlli” kimi tanınması isə Azərbaycanın sosial sahədə apardığı islahatların dünya miqyasında qəbul edildiyinin bariz sübutudur.
DOST eyni zamanda gənclər üçün bir məktəbə çevrilib. Könüllü DOST proqramı çərçivəsində artıq 6 mindən çox gənc burada fəaliyyət göstərib. Gənclər bu mühitdə empati, məsuliyyət və ictimai xidmət anlayışlarını öyrənirlər. Bu, həm də sabahın peşəkar kadrlarının formalaşmasına bir töhfədir.
Bu uğurlar onu göstərir ki, DOST – təkcə qurum deyil, ideyadır. Bu ideya insanı mərkəzə saxlayan, dövlətin şəffaf, humanist və çevik idarəetmə modelini təcəssüm etdirən bir yanaşmadır.
DOST-un ölkə üzrə genişlənməsi sürətlə davam edir. Artıq elə bir vaxt gəlir ki, "DOST haradadır?" sualını verməyə ehtiyac qalmayacaq – hər kəsin bir addımlığında olacaq. Bu il Naxçıvanda da yeni Regional DOST Mərkəzi açılır. Elə Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallı kimi bölgələrdə də DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər gedir. Yəni yaxın vaxtlarda bu şəhərlərdə yaşayan insanlar da sənəd işi üçün uzağa getməyəcək – DOST lap yaxınlarında olacaq.
Qısası… DOST – gülümsəyən simalar, yardım edən əllər, könül rahatlığı ilə “təşəkkürlər!” deyən vətəndaş, inamla irəliləyən dövlət deməkdir.
Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyin sədri,
QHT.az saytının rəhbəri
