Xəbərlər 17.05.2023 18:09 1904

Quba və Xaçmaz Rayon Polis şöbələrinin müstəntiq və təhqiqatçılarına təlimlər keçirilib

Mayın 16-da Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba və Xaçmaz Rayon Polis şöbələrinin müstəntiqləri və təhqiqatçıları üçün təlimlər keçirilib.

 

Təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edib.

 

Təlimi giriş nitqi ilə Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov açaraq qonaqları salamlamış, İnstitutun təlimçilərini rayonlarımızda görməkdən məmnun olduğunu və bu təlimlərlə bağlı təşəbbüsü yüksək dəyərləndirdiyini, həmçinin, hər zaman əməkdaşlığa açıq olduqlarını vurğulayıb.

 

İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlasdırılması, 5-ci maddə üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” haqqında təqdimatla çıxış edib.

 

Təqdimatda 5-ci maddənin əsas prinsipləri və tətbiq edilən əsas meyarlar, “qanunçuluq” anlayışının mahiyyəti, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, həmçinin Azərbaycanla bağlı AİHM-in qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası əks olunmuşdur.

 

İnstitutun hüquq eksperti Vəfaddin İbayev “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması” mövzusunda çıxış etmişdir. Qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilmişdir.

 

Təlimin yekununda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, eyni zamanda təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsi keçirilmişdir. Sonda 28 polis əməkdaşına təlimlərdə iştirakına görə sertifikatlar təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı