Xəbərlər 17.05.2023 20:51 4916

QHT-lərin də daxil olacağı İşçi Qrupu yaradılacaq  - QƏRAR 

Nazirlər Kabineti “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası”nı təsdiq edib.

QHT.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” (Qayda) “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun (İşçi Qrup) tərkibini, təşkili və fəaliyyəti qaydasını müəyyən edir.

İşçi Qrup İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (Milli Koordinator) yanında ictimai əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (Milli Fəaliyyət Planı) iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi İşçi Qrup vasitəsilə həyata keçirilir.

 

İşçi Qrupun tərkibi

İşçi Qrupun tərkibi Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) nümayəndələrindən ibarət olur.

İşçi Qrupun tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.

İşçi Qrupun təşkili

İşçi Qrupun fərdi tərkibi bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında Milli Koordinator tərəfindən təsdiq edilir.

İşçi Qrupa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi rəhbərlik edir.

İşçi Qrupun iclasları Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən rübdə bir dəfədən az olmayaraq çağırılır.

İşçi Qrupun iclaslarının gündəliyi Milli Koordinator ilə razılaşdırılmaqla, İşçi Qrupun rəhbəri tərəfindən müəyyən edilir.
İşçi Qrupun iclaslarında onun üzvlərinin azı üçdə ikisi iştirak etməlidir.

İşçi Qrupun iclaslarında hazırlanan təkliflər sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, İşçi Qrupun rəhbərinin səsi həlledici hesab edilir.

İşçi Qrupun iclasları İşçi Qrupun rəhbərinin imzaladığı protokolla rəsmiləşdirilir.

 

İşçi Qrupun fəaliyyəti

İşçi Qrupun fəaliyyəti Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sisteminin yaradılmasından və bu qurumlar arasında məlumat mübadiləsinin təmin edilməsindən ibarətdir. Bununla əlaqədar İşçi Qrup aşağıdakı funksiyaları yerinə yetirir:

Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətlərini əlaqələndirir;

Milli Fəaliyyət Planının icrası zamanı qarşıya çıxan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayır;

Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında operativ qaydada məlumat və qarşılıqlı informasiya mübadiləsini təmin edir;

Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında təcrübə mübadiləsini təmin edir;

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür.

İşçi Qrupun fəaliyyətinin təşkilati təminatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı