Xəbərlər 30.05.2023 13:54 2208

UNFPA və “The Body Shop” Azərbaycanda gender bərabərliyinin təşviqi və gender əsaslı zorakılıqla mübarizə sahəsində əməkdaşlıq edəcəklər

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və İngiltərənin tanınmış kosmetika brendi olan “The Body Shop” ticarət nişanını Azərbaycanda təmsil edən “AZPHA” MMC arasında əməkdaşlıq sazişi imzalanıb. 
 

Əldə olunmuş anlaşmaya əsasən, tərəflər Azərbaycanda gender bərabərliyinin, qadın və qızların hüquqlarının təşviqi, gender əsaslı cins seçimi, habelə gender əsaslı zorakılıqla mübarizə istiqamətlərində əməkdaşlıq edəcəklərinə dair razılığa gəlib. 
 

UNFPA Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev əldə olunan yeni əməkdaşlıq barədə bildirib ki, UNFPA öz mandatına daxil olan fəaliyyətlərin həyata keçirilməsində özəl sektorla yeni əməkdaşlıqların qurulmasında daim maraqlıdır: “Təqdirəlayiqdir ki, tanınmış dünya brendi olan “The Body Shop” Azərbaycanda öz əsas biznes fəaliyyəti ilə yanaşı, həm də korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyətin maraqları naminə bizimlə birgə işləməkdə maraqlıdır. Biz bu marağı yüksək qiymətləndirir və əməkdaşlığımızın uğurlu nəticələr verəcəyinə inanırıq.”
 

“The Body Shop” ticarət nişanını Azərbaycanda təmsil edən “AZPHA” MMC-nin rəhbəri Ələsgər Əliyev imzalanmış sənədlə bağlı qeyd edib ki, “The Body Shop” markası öz fəlsəfəsinə uyğun olaraq gender əsaslı zorakılıq, gender stereotipləri, reproduktiv sağlamlıq məsələləri bağlı cəmiyyətimizdə həm maarifləndirmə işlərinin görülməsində, həm də müsbət nəticələrin alınmasında birgə addımlamağa hər zaman hazırdır. 
 

Razılaşmaya əsasən, ilkin olaraq birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək konkret fəaliyyətlərin müəyyən edilərək təcrübə mübadiləsinin aparılması, daha sonra isə müştərək fəaliyyətlərin icrasına başlanılması gözlənilir. 
 

UNFPA haqqında:
BMT-nin Əhali Fondu (UNFPA) – cinsi və reproduktiv sağlamlıq sahəsində fəaliyyət göstərən aparıcı BMT təşkilatıdır. Hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşa biləcəyi dünyaya nail olmaq uğrunda çalışan fond dünyanın 150-dən artıq ölkəsində fəaliyyət göstərir. 
The Body Shop haqqında:
The Body Shop əsası 1976-cı ildə Anita Roddik tərəfindən İngiltərənin Brayton şəhərində qoyulmuş dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən təbiətə dost, etik gözəllik və baxım markasıdır. Marka 40 ildən çoxdur ki, öz müsbət iqtisadi, sosial təsiri və ətraf-mühitə faydalı fəaliyyəti ilə cəmiyyətə töhfə verməyə çalışır. Dünya miqyasında bir çox iqtisadi, sosial, ekoloji istiqamətlərdə faydalı nəticələr verən layihələri tanınır.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı