Xəbərlər 30.05.2023 14:34 1941

Regionlarda həssas qrupların sosial təminat hüquqlarına dair seminarlar keçirilib  - FOTO

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi (İMVT) 2023-cü il 18-27 may tarixləri aralığında Gəncə, Şəmkir, Bərdə, Zaqatala və Qəbələ şəhərlərində ``Həssas insanların sosial təminat hüququnun səmərəli həyata keçirilməsi üçün çoxtərəfli əməkdaşlıq`` mövzusunda seminarlar keçirib. 
 

QHT.az xəbər verir ki, seminarlarda bu sahəyə aidiyyəti olan yerli dövlət qurumlarının (o cümlədən DSMF-nin yerli şöbələri, regional məşğulluq mərkəzləri, sosial xidmət qurumları, TƏBİB və s.) təmsilçiləri, həmçinin vətəndaş cəmiyyəti təşkilatları və yerli media nümayəndələri, hüquqşünaslar və digər ictimai fəallardan ümumilikdə 100-dən artıq şəxs iştirak edib. 


Layihə ekspertləri ölkənin sosial təminat siyasətinin ümumi icmalını təqdim edib, xüsusilə aztəminatlı ailələrin, qadınların, əlilliyi olan şəxslərin və həssas qruplardan olan digər şəxslərin sosial müdafiəsi ilə bağlı qanunvericilik və praktikanın əsas istiqamətlərinə toxunulub. 
 

İştirakçılar həmçinin sosial təminat və digər sosial hüquqlarla bağlı BMT-nin müvafiq qurumları tərəfindən Azərbaycana verilən tövsiyyələr, sosial müdafiə məsələlərinə insan hüquqları aspektindən yanaşmalar haqqında məlumatlandırılıb. 
 

Görüşdə iştirak edən ictimai fəalların sosial müdafiə ilə bağlı problemlərə dair sualları layihə ekspertləri və tədbirdə iştirak edən dövlət qurumları nümayəndələri tərəfindən cavablandırılıb. Seminar iştirakçıları bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün bütün maraqlı tərəflər, xüsusilə dövlət qurumları və yerli vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib.
 

Qeyd edək ki, bu seminarlar İMVT-nin icra etdiyi ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` layihəsi çərçivəsində baş tutub. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi tərəfindən dəstəklənən təşəbbüslərdən biridir və ölkənin 5 regionunda aztəminatlı ailələrin, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qruplardan olan şəxslərin sosial təminat hüquqlarının daha səmərəli şəkildə reallaşdırılmasına töhfə vermək məqsədi daşıyır. 
 

Layihə çərçivəsində həmçinin həssas insanların bu təşəbbüsdən faydalanması üçün informasiya sessiyaları və media müsabiqəsi vasitəsilə məlumatlılığın artırılması, 300 nəfərə pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.

 

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı