Xəbərlər 08.06.2023 11:51 1186

Azərbaycanda ilk böyük oyun sərgisi keçiriləcək

11 iyun 2023-cü ildə Bakı İdman Sarayında Azərbaycanda ilk böyük oyun sərgisi olan “GameSummit” təşkil olunacaq.

 

QHT.az  bildirir ki,  bu barədə Kult.az-a festivalın əsas təşkilatçılarından biri olan “AzDimenson” şirkətinin direktoru Fərid Haqverdiyev məlumat verib.

 

“Ölkənin geymerlərini, kospleyerlərini və bütün maraqlı, qeyri-adi istirahət sevən insanlarının toplaşdığı bu festivalın hər bir iştirakçısı Azərbaycan və beynəlxalq kompüter, konsol və mobil oyunlar dünyasına qoşula, oyun tərtibatçıları ilə tanış ola biləcək.

 

“GameSummit”də müxtəlif maraqlı və fərqli, simulyatorlar da daxil olmaqla, oyun turnirləri, iştirakçılar arasında ən yaxşı oyunçuların seçilməsi, klassik oyunların atmosferinin yenidən canlandırılması və oyun lövhələrində strateji döyüşlərdən həzz almaq üçün retro oyun və stolüstü oyun çempionatlarının təşkili, keçmişin məşhur hit oyunlarının oynanılması nəzərdə tutulur.

 

Tədbir çərçivəsində hər kəsin unikal oyun təcrübəsi əldə etmək və təşkil olunan VR zonada ən son virtual əyləncədən həzz almaq imkanı olacaq.

 

“GameSummit”in müasir oyun noutbukları və stolüstü kompüterlərlə təmin olunması nəzərdə tutulur ki, oyunçuların diqqəti əsas mövzudan – oyun oynamaqdan yayınmasın. Hər bir iştirakçı istənilən turnirə qoşula və sərgidə təqdim olunan oyunları tamamilə ödənişsiz oynaya, istənilən yarışda gücünü və bacarığını sınaya bilər“, - o qeyd edib.

 

Tədbirin proqramına iştirakçılara unudulmaz emosiyalar və təəssüratlar bəxş edəcək K-Pop rəqsləri və kaverlər də daxildir.

 

Sərgidə, həmçinin oyunlara, animelərə, komikslərə və ümumilikdə gik mədəniyyətinə aid müxtəlif aksesuarlar və suvenirlər əldə etmək imkanı olacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı