Xəbərlər 01.05.2025 12:40 144

“Həkim və pasiyentlərin həmrəyliyini nümayiş etdirmək üçün ilk dəfə veloyürüş təşkil etdik” – Ayaz Hüseynov / FOTOLAR /VİDEO

Dünya Hemofiliya Gününə həsr olunmuş ilk dəfə həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçirilib.

QHT.az xəbər verir ki, Bakıda, Dənizkənarı Bulvarda Dünya Hemofiliya Gününə həsr olunmuş həkim və pasiyentlərin iştirakı ilə həmrəylik veloyürüşü keçirilib. Tədbir Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, TƏBİB, Pirallahı Tibb Mərkəzi, Tibbi Reabilitasiya Mərkəzi, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynovun sözlərinə görə, bu formatda keçirilən veloyürüş ölkəmizdə ilk dəfə təşkil olunub:

"Tədbirin əsas məqsədi həkim və pasiyentlər arasında həmrəyliyi nümayiş etdirmək, hemofiliya xəstəliyinə diqqəti artırmaq və bu xəstəliyin müalicəsində fiziki fəallığın önəmini vurğulamaq olub. 2024-cü il Dünya Hemofiliya Günü “Qanaxmalara qadın və qızlar da məruz qalır” şüarı ilə dünyanın 147 ölkəsində qeyd olunur. Azərbaycanda da bu çərçivədə müxtəlif tədbirlər planlaşdırılıb. Məqsəd – qanın laxtalanma pozğunluğundan əziyyət çəkən qadın və qızlara diqqətin artırılması, erkən diaqnostika və effektiv müalicə imkanlarının genişləndirilməsidir".

Ayaz Hüseynov əlavə edib ki, 2024-cü il ərzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə dövlət səhiyyə qurumlarının birgə fəaliyyəti nəticəsində mühüm işlər görülüb. Bununla bağlı hazırlanmış videoçarx da ictimaiyyətə təqdim olunub:

“2025-ci ildə də Azərbaycan səhiyyəsində dövlət qurumları ilə birgə yeni uğurlara imza atacağımıza inanırıq. Cəmiyyətin mənəvi dəstəyi isə bizim üçün davamlı çalışmağın ən böyük güc mənbəyidir.”

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı