"“Qadına qarşı zorakılıq və sosial ədalət” tədqiqat işi və maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2023-cü il tarixindən “Qadına qarşı zorakılıq və sosial ədalət” tədqiqat işi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına start verib.
Layihə rəhbəri Nailə İsmayılovanın QHT.az-a bildirdiyinə görə layihə 2 ay müddətində (01 iyul-31 avqust 2023-cü il) 3 rayonu – Ağdaş, Saatlı, Sabirabad rayonlarını əhatə etməklə icra olunacaq.
Layihənin əsas məqsədi qadına qarşı zorakılığın başvermə səbəbləri barədə tədqiqat işlərinin aparılması, təhlili və zorakılığın qarşısının alınmasınin çıxış yolları, eyni zamanda sosial ədalətin bərqərar olunması haqqında ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.
İcra müddətində layihənin məqsədindən irəli gələn vəzifələr - anket sorğuları vasitəsilə əhali arasında qadınlara qarşı zorakılığa münasibət, zorakılığın başvermə səbəbləri haqqında məlumatlılıq səviyyəsi öyrəniləcək, daha sonra anket sorğular mütəxəssislər tərəfindən incələnəcək və təhlil olunacaq, eyni zamanda tədqiqat prosesi və nəticələri barəsində ictimaiyyət məlumatlandırılacaq.
Layihənin ideya və mövzusuna uyğun olaraq layihə çərçivəsində hazlrlanmış məlumatlandırıcı və az zaman ərzində insanı düşündürən sosial çarx hər bir rayonda təşkil olunacaq dəyirmi masa iştirakçılarına (hər rayondan 20 nəfər olmaqla) təqdim olunacaq.
Dəyirmi masa ətrafında aparılacaq ictimai müzakirələrdə müvafiq icra orqanları, bələdiyyə və ictimaiyyət nümayəndələri, yerli QHT-ları və KİV nümayəndələri iştirak edəcəklər.