Azərbaycan-Özbəkistan əlaqələri gələcəkdə daha yeni səviyyəyə yüksələcək -Ekspert rəyi
Bu gün dünyanın yeni düzəni formalaşır, bu düzənin vacib seqmentlərindən biri də Türk dövlətləri birliyidir. Bu birlik yalnız etnik kimliyə, din və dil birliyinə söykənmir. Regionda, xüsusilə də Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş bir ərazidə yeni bir mədəni, siyasi, iqtisadi və gələcəkdə də hərbi ittifaqın daha etibarlı forması qurulmaqdadır. Azərbaycan bu sahədə, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, məhz bu qurumun nüfuzunun artırılmasına xidmət edir. Bu, həm də müasir müstəqil Azərbaycanın qarşısına qoyduğu hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu xarici siyasətin bir komponentlərindəndir. Bu uğurlu diplomatik fəaliyyət, həmçinin türk dövlətləri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu mənada Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafı mühüm yer tutur.
QHT.az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.
O bildirib ki, Özbəkistan və Azərbaycan arasında əlaqələrin tarixi qədim və zəngindir. Bu münasibətlər həm də xalqların bənzər inkişaf tarixinə və tale oxşarlığına söykənir. Xüsusilə sovet dönəmində baş verən hadisələr xalqları bir-birinə daha da yaxınlaşdırıb və doğmalaşdırıb. Bununla bağlı, çox sayda tarixi faktlar sadalamaq olar. 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə baş verən zəlzələnin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan xalqı kimi, Özbəkistan xalqı da mənfur erməni xislətinin, xəyanətinin, vəhşiliyinin təsirinə məruz qalıb.
“Müstəqilliyə qovuşmaq üçün keşməkeşli yol qət edən, itkilərə məruz qalan Azərbaycan və Özbəkistan xalqları dövlət müstəqilliklərini əldə etdikdən sonra dostluq, qardaşlıq münasibətləri quraraq daha da inkişaf etdirib və bu münasibət illərin sınağından çıxaraq bugünkü səviyyəyə çatıb. Əminəm ki, eyni soy-kökə, tarixə və səmimi münasibətlərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri gələcəkdə daha yeni səviyyəyə yüksələcək və möhtəşəm birliyə çevrilməsinə təkan verəcək”, - deyə ekspert vurğulayıb.