“Meşələrimizi yanğından qoruyaq” adlı geniş maarifləndirmə kompaniyası aparılıb - FOTOLAR
Təbiətdə baş verən yanğınlar, xüsusilə meşə yanğınları dünya və milli səviyyədə böyük fəlakətlər yaradır, maddi-mənəvi zərər vurur, insan tələfatına səbəb olur. Ölkəmizdə son dövrlərdə baş verən yanğınların nəticələrini hər kəs müşahidə edib. Bu yanğınların baş verməsində subyektiv səbəblər əsas rol oynayır. İnsan fəaliyyətinin nəticələri, təbiətlə ehtiyyatsız davranmaq, ona etinasız münasibət bu yanğınların başlıca səbəblərindəndir. Belə halların aradan qaldırılmasında Fövqaladə Hallar Nazirliyinin, Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin, hüquq mühafizə orqanlarının yanğın təhlükəsizliyinə və ekoloji cinayətlərə qarşı apardığı mübarizə ictimai dəstək olmadan yetərli ola bilməz.
QHT.az xəbər verir ki, bunu nəzərə alan “Mühit Ekoloji Mühafizə” İctimai Birliyi “Meşəətrafı yaşayış məntəqələrində əhali arasında yanğın təhlükəsizliyi və ekoloji cinayətlər haqqında məlumatlandırma tədbirlərinin keçirilməsi” layihəyəsi çərçivəsində Qusar rayonunun meşəətrafı kəndlərində geniş maarifləndirmə kompaniyası aparıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir.
Təşkilatın sədri Əzizağa Hünbətəliyevin təşkilatçılığı, Qusar rayon İcra hakimiyyətinin nümayəndəsi Sabir Fərzəliyevin, FHN-nin Şimal Regional idarəsinin böyük inspektoru Dövlət Nurmətovun, 5 saylı RMTM-nin əməkdaşı Qəzənfər Xələfovun, Qusar RPŞ-nin sahə inspekoru Rövşən Nəzərovun iştirakı ilə rayonun meşəətrafı yaşayış məntəqələrində əhali ilə geniş görüşlər keçirilib. Bu görüşlərdə meşələrin qorunması, yanğına qarşı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və ekoloji cinayətlər haqqında məlumat verilib. Rayonun Avaran və Xuray kəndlərində keçirilən tədbirlərdə qeyd olunan iştirakçılarla yanaşı çıxış edən layihənin hüquqşünası Aydın Kərimov ekoloji cinayətlər, onların mahiyyəti və formaları haqqında məlumat verib. Eləcə də, meşələrdə yanğın zamanı ilk növbədə görülməsi zəruri olan tədbirlər haqqında danışıb. FHN-nin nümayəndəsi D.Nurmətov nazirliyin yanğın təhlükəsizliyinə qarşı əhali ilə apardığı işlər haqqında, DİN-nin əməkdaşı R.Nəzərov ekoloji cinayətlərə qarşı polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər haqqında məlumat veriblər. ETSN-nin yerli şöbəsinin əməkdaşı Q.Xələfov meşələrin qorunması, bərpası və inkişafı ilə bağlı ekoloqların gördükləri işlər haqqında məlumat verib. Avaran kənd bələdiyyə sədri Hacıbaba Babayev və Xuray kənd bələdiyyə sədri Rüzgar Ağamuradov kənd bələdiyyələrinin ekolojiya və təhlükəsizliklə bağlı gördüyü işlərdən geniş məlumat veriblər. Canlı diskusiya şəklində keçirilən tədbirdə iştirakçılar qarşılaşdıqları problemlərdən danışıb, onların həlli ilə bağlı fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər.
Tədbirdə iştirak edən müəllimlər qaz verilməyən kəndlərdə məktəblərə odunların gec verildiyi, buna görə də siniflərin soyuq olduğunu bildirib, Təhsil Nazirliyindən və Ekolojiya və Təbii Sərvətlər Nazirliyindən bu işin vaxtında görülməsini xahiş ediblər. Meşəətrafı kəndlərdə ekolojiyanın qorunması və yanğına qarşı mübarizədə məktəblilərin rolunun artırılması xüsusi qeyd edilib, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirlərin sonunda Qusar rayonunun müxtəlif idarə və təşkilatlarının, kənd bələdiyyələrinin nümayəndələri, müəllimlər əhalinin meşələrlə sıx təmasda olduğu, turistlərin intensiv gəldiyi və nəqliyyat vasitələrinin çox olduğu yerlərə çoxsaylı “Meşələri Qoruyaq”, “Yanğınla Ehtiyyatlı Olun” lövhələri bərkidiblər.
Pərvanə Fərhadqızı