"Uşaqlar bizim gələcəyimizdir" adlı konfrans keçirilib - FOTOLAR
Xəzri İstirahət və Sağlamlıq mərkəzində Daxili İşlər Nazirliyi tərəfindən "Uşaqlar bizim gələcəyimizdir" adlı konfrans keçirilib.
Hüquqi- Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a açıqlamasında bildirib ki, konfransda uşaqların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə görülən və qarşıda duran məsələrin həlli yolları müzakirə edilib: “Uşaq hüquqlarının müdafiəsi, uşaqların təhsil, səhiyyə, tibbi məsələlərlə bağlı təklif və tövsiyyələri səsləndirildi. Uşaq hüquqları ilə bağlı məsələlər müzakirə olunub. Uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, zorakılığa və qeyri-insani rəftara məruz qalması, eləcə də internet təhlükəsizliyi ilə bağlı tədbirlərin daim diqqətdə saxlanılmasının zəruriliyi vurğulanıb. Uşaq və gənclərin təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meyllilik kimi neqativ hallara qarşı mübarizəni daha da səmərəli təşkilinin zəruriliyi diqqətə çatdırılıb”.
Qeyd edək ki, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar icraatlar İdarəsinin böyük prokuroru Babək Zakirzadə "Uşaq hüquqlarının müdafiəsi sahəsində prokurorluq orqanlarının fəaliyyət istiqamətləri", Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov "Həssas qrupdan olan uşaqların təhsilinin təşkili”, Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri Şöbəsinin məsləhətçisi Həsən Əliyev "Uşaq hüquqlarının təmin olunmasında mövcud problemlər", Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin böyük məsləhətçisi Liza Xanməmmədova "Ədliyyə Nazirliyinin uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri", Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hakim metodisti Zümrüd Kazımova "Gənc nəslin sağlam inkişafında maarifləndirmənin rolu", DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini polis mayoru Imran Əliyev "Uşaq Hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər və aradan qaldırılması yolları" mövzularında çıxışlar ediblər.
Pərvanə Fərhadqızı