Həkim səhvlərinin qurbanları - Məsuliyyəti kim daşıyır?
Azərbaycanda həkim səhvinə görə insan həyatına və sağlamlığına zərər vurulması halları gündən-günə artmaqdadır. 2022-ci ilin statistikasına görə, ölkədə 78 cinayət faktı məhz həkim səhlənkarlığı səbəbi ilə açılıb. Həkimlərinə rəğbətlə yanaşılan xarici ölkələrdə də vəziyyət Azərbaycandan elə də fərqlənmir. Dünya ölkələrində də həkim səhvi ucbatından ölüm halları tez-tez baş verir və bununla bağlı rəqəmlər olduqca yüksəkdir. Ötən illərə nəzər saldıqda görə bilərik ki, ABŞ-da ölüm hallarının səbəbləri arasında həkim səhvi 3-cü yerdə olub. Ölüm hallarından başqa tibbi səhv istər diaqnostik, istərsə də müayinə zamanı xəstənin əlil olmasına, əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Azərbaycanda bu cür səhvlər edən həkimlər necə cəzalandırılır?
QHT.az bildirir ki, bu barədə hüquqşünas Səməd Vəkilov Referans.az-a açıqlamasında danışıb.
“Cinayət hüququnda təqsirin iki forması var: qəsd və ehtiyatsızlıq. Bu mənada həkimin məqsədi kimisə qəsdən öldürmək ola bilməz. Buna görə də həkimlərə qarşı qəsdən adam öldürməklə bağlı cinayət işi başlanaması mükün deyil. Həkimlər əksər hallarda ehtiyatsızlıqdan ölümə səbəb olurlar və bu halda cəzanın aşağı həddi ilə cəzalandırılırlar. Təbii ki, zərərçəkmiş şəxslər bu cəzalardan narazı qalırlar. Bu, obyektiv çətinlikdir”.
Səməd Vəkilov 2015-ci ildə həkim ehtiyatsızlığı ucbatından dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı mərhumun həyat yoldaşı Anar Niftəliyevin hüquqi nümayəndəsi olub. Hüquqşünas cinayət işində təcrübə etdiyi çətinliklər barədə də danışıb.
“Cinayət işinin araşdırılması dövründə həkim təəssübkeşliyi adlanan bir halla rastlaşdıq. Bildiyiniz kimi, həkimliklə bağlı cinayət işlərində ekspertiza təyin olunan zaman həkimlər bir-birlərinə qarşı təəssübkeşlik nümayiş etdirərək öz həmkarlarını müdafiə etməyə çalışırlar. Elnarə Tofiqqızının işində belə ekspertlər tərəfindən verilmiş bu tipli rəyləri 4 dəfə ləğv etdirmişik. Bu da cinayət işi prosesində yaradılan subyektiv çətinliklərdən idi”.
Hüquqşünas qeyd edib ki, cəza müəyyən olunarkən incə nüasnlardan biri də cəza növlərinə müəyyən vəzifə tutmaqla, müəyyən peşə fəaliyyəti ilə məşğul olmağa qoyulan qadağanın da daxil olmasıdır.
“Düşünürəm ki, ehtiyatsızlıqdan bir neçə insanın ölümünə səbəb olan həkimlərə ən azı bir neçə illik peşə faliyyətinin qadağan olunması cəzası tətbiq edilməsi ədalətli olar. Bir çox hallarda həkimlərə belə cəza növləri tətbiq edilmir, bu da hadisədən zərərçəkən şəxslərin haqlı narazılığına səbəb olur. Azərbaycan təcrübəsində insan ölümünə səbəb olan həkimlər var ki, hadisədən sonra onlar hətta elmi dərəcələr də alıblar, öz fəaliyyətlərini də davam etdiriblər. Hətta fəaliyyət zamanı yeni xəstələrin ölümünə də səbəb olan həkimlərə rast gəlmək mümkündür”.
Hüquqşünas belə mənfi tendensiyaların qarşısını almaq üçün bu hallara Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatları, insan haqları təşkilatları tərəfindən daha çox diqqət ayırılmalı olduğunu da vurğulayıb.
Fidan Vəlisoy