Xəbərlər 30.05.2025 09:35 166

QHT sədri dissertasiyasını müdafiə edib - FOTOLAR

Bu gün Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin “siyasət üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üçün dissertasiya müdafiəsi keçirilib. Tədbir Akademiyanın rektoru, akademik Ulxan Ələkbərovun rəhbərliyi altında baş tutub.

Emin Həsənli müdafiəsində “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən zərər çəkmiş vətəndaşlarla bağlı dövlət siyasətinin institusional əsasları” mövzusunda tədqiqatını təqdim edib. Dissertasiyada Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi separatizm, beynəlxalq hüquq pozuntuları və hərbi təcavüz faktları elmi yanaşma ilə sistemləşdirilib.

Tədqiqatda vurğulanır ki, 1828-ci ildən başlayaraq ermənilərin Cənubi Qafqaza köçürülməsi Azərbaycan dövlətçiliyinə zərbə vurub. Emin Həsənli Qarabağ müharibəsinin 1987-ci ilin noyabrında başladığını və üç mərhələdən ibarət olduğunu qeyd edib: 1987-1994-cü illər, 1994-2020-ci illər və 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi.

Dissertasiya müəllifi müasir dövrdə prosesin davam etdiyini, azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın başladığını və sülh müqaviləsi imzalanana qədər müharibənin tam bitmiş hesab edilə bilməyəcəyini vurğulayıb. İşdə həmçinin dövlətin məcburi köçkünlər və müharibə əlillərinə göstərdiyi dəstək təhlil olunub.

Emin Həsənli 44 günlük müharibədə qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan tərəfinin minalardan təmizləmə və cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyətini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin siyasətinin Ulu Öndər Heydər Əliyevin strategiyasının davamı olduğunu vurğulayıb.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı