Xəbərlər 04.12.2023 00:16 2171

İqlim dəyişikliyinin fəsadları və alternativ enerji mənbələri barəsində ictimai məlumatlandırma layihəsinin icrasına start verildi

“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən noyabrın 1-dən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsünün icrasına başlanılmışdır. Bu təşəbbüs Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.

QHT.az xəbər verir ki, “İnnovativ İnkişaf” MMC-nin direktoru Mehman Xəlilov bildirib ki, təşəbbüs Gəncə-Qazax regionunda geniş ictimaiyyət arasında iqlim dəyişikliyinin fəsadları ilə bağlı maarifləndirici təbdirlərin həyata keçirilməsinə və elektrik təchizatının bərpa olunan enerji mənbələri hesabına təmin olunması, elektrik enerjisinə qənaət vasitəsilə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib: “Bu təşəbbüs çərçivəsində Şəmkir, Samux və Göygöl rayon ictimaiyyəti, həmçinin Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün məlumatlandırma sessiyaları təşkil ediləcək, eyni zamanda tərtib oluncaq bukletlərin paylanması və yerli TV-də sosial reklam çarxının yayımlanması nəticəsində geniş ictimaiyyət arasında ekologiya ilə bağlı mövzulara daha həssas münasibətin göstərilməsinin vacibliyi aşılanacaq”.

Mehman Xəlilov həmçinin bildirib ki, təşəbbüs çərçivəsində “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən ailə və məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq günəş enerjisini elektrik enerjisinə çevirən günəş panelləri ilə təchiz olunacaq. Bunun nəticəsində istehsal olunan elektrik enerjisi vasitəsilə sığınacağın işıqlandırılması üçün enerjiyə olan tələbatın təmin ediləcəyini də bildirən direktor qeyd edib ki, Gəncə-Qazax regionunda alternativ və bərpa olunan enerjidən geniş istifadəni və bu sahədə dövlət, bələdiyyə, özəl sektor və Vətəndaş Cəmiyyəti Təsisatlarının əməkdaşlığını təşviq etmək məqsədilə dəyirmi masa müzakirələri və Avropa İttifaqının “Merlərin Razılaşması-Şərq” proqramında region bələdiyyələrinin iştirak imkanları ilə bağlı seminarlar təşkil ediləcək.

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə (5-ci bənd “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”),  “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (“Regionlarda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi” vəzifəsi), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il Azərbaycan Respublikası Qanununa, Avropa İttifaqının enerji təchizatının etibarlılığının artırılması, enerjinin səmərəliliyinin təşviqi və bərpa olunan enerji mənbələrindən istifadə vasitəsilə enerjinin əlverişli, etibarlı və dayanıqlı olması məqsədilə həyata keçirdiyi EU4 Energy təşəbbüsünə və  BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM: 5, 7, 11, 13.) və hədəflərinə (Hədəf: 5.1, 7.1, 11b, 13.1, 13.3) uyğundur.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə məxsus olan bu təşəbbüs  Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən  həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “İnnovativ İnkişaf” MMC tərəfindən icra edilir.

 

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı