“Təəssüf ki, bir sıra aparıcı ölkələr Ermənistanın re-eksport və sanksiyalardan yayınmağını da görmək istəmirlər” – QHT sədri
2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 68.8 faiz artaraq 14.1 milyard dollara çatıb. İxrac isə 77.7 faiz artaraq 5.3 milyard dollar olub. Bu Ermənistanın son illər tarixində rekord artımdır və səbəb də təbii ki, Rusiya-Ukrayna müharibəsidir.
QHT.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, Ermənistan bir sıra Rusiya məhsullarını ixrac edərək sanksiyalardan yayınmağa və daha çox gəlir əldə etməyə nail olub: “Aylar üzrə müqayisə göstərir ki, artımın əhəmiyyətli hissəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı dövrə təsadüf edib. Bu isə artım səbəblərinin re-eksport ilə bağlı olduğunu bir daha təsdiq edir”.
Ekspert həmçinin qeyd edib ki, Luys Fondunun hesablamalarına görə, Ermənistan ixracatının ən azı 24.8 faizi re-eksportdur və bunsuz həmin ölkənin ixracatı indikindən 2 dəfə az artardı: “Təəssüf ki, bir sıra aparıcı ölkələr onların re-eksport və sanksiyalardan yayınmağını da görmək istəmirlər”.
Pərvanə Fərhadqızı