“Gənclər, bu sizə gələcəkdə çox böyük avantajdır” – QHT sədri
“Könüllülər hərəkatına BMT-nin Könüllülər Proqramı ilə başlamışam. Daha sonra SOS Uşaq kəndləri Azərbaycan təşkilatında və bir çox digər QHT -lərdə bu işi davam etdirmişəm. Keçmişə nəzər salsaq görərik ki, biz elə məktəb yaşlarından, tələbəlik illərindən belə könüllüluk fəaliyyəti ilə məşgul idik. Yeni dostlar, yeni təcrübələr, fərqli mühitlər, əyləncəli və maarifləndirici mühitlər əldə etmişəm”.
QHT.az xəbər verir ki, bu sözləri Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyi Birliyin sədri Gülnarə Əmiraslanova bildirib. Onun indiki gənclərə tövsiyəsi öz gələcəklərini, gələcəy karyeralarını yüksək səviyyədə qurmaq üçün hansısa humanitar, beynəlxalq təşkilatda və yaxud karyera üçün seçdikləri sahə üzrə fəaliyyət göstərən təşkilatlarda könüllü olaraq fəaliyyət göstərməyə başlamaqdır. Çünki gələcəkdə bu onlara çox böyük avantajdır: “Universitetinizin, təhsilinizin Sizə verə bilmədiyi avantajı, yüksəkliyi, hər hansı bir humanitar, beynəlxalq və yaxud digər təşkilatlarda könüllü fəaliyyətiniz verəcəkdir ki, bu avantajın xeyrini həyatınız boyu hər zaman görəcəksiniz. Bu gün bir QHT rəhbəri, pedaqoq kimi artıq könüllülər yetişdirsəm də, özümü də ilk addımlarda olduğu kimi könüllü hesab edirəm”.
Pərvanə Fərhadqızı