Xəbərlər 29.02.2024 12:14 2444

Səs-küy salıb qonşuları narahat edən şəxslər üçün hansı cəza nəzərdə tutulub?

Bəzi hallarda insanlar qonşularının onların istirahət etdiyi vaxtlarda, xüsusən səhər və axşam saatlarında səs-küy salaraq istirahət hüquqlarını pozduqlarından şikayət edirlər. Lakin əksəriyyət isə belə hallarda demək olar ki, heç bir addım atmır, səs-küyün ötüb keçməsini gözləyir.

 

QHT.az bildirir ki,  "MG Consulting" MMC-nin hüquqşünası, vəkil Nurlana Əliyeva e-huquq.az-a açıqlamasında deyib ki, qanunvericilik belə hallarla rastlaşan insanların hüquqlarını tam şəkildə qoruyur.

 

Vəkil yaxın zamanda qarşılaşdığı hadisəni misal çəkərək belə hallarla necə mübarizə aparılmalı olduğunu açıqlayıb: "Avropa Çempionatında tarixi qalibiyyəti ilə ölkəmizi sevindirən Qarabağ futbol klubu istəmədən qonşular arasında mübahisələrə səbəb olmuşdu. Belə ki, 22 fevral tarixində gecə saatlarında Qarabağın vurduğu qələbə qolu izləyicilərin kəskin emosional sevinci ilə müşahidə edilmiş, səs-küydən narahat olan digər qonşular kobud davranmış və öz qonşuları ilə mübahisə etmişdilər. Lakin mən qanunvericliyin tələblərini qonşularıın diqqətinə çatdıraraq mühabisənin sonlanmasını təmin etdim. Bu kimi hallarla qarşılaşan vətəndaşların da diqqətinə çatdırmaq istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulması 150-200 manat miqdarında cəriməyə səbəb olur. Maddənin məzmununda cərimənin “gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa görə” tətbiq edildiyi öz əksini tapıb. Qonşunun şikayəti əsasında polis orqanları bu cəriməni tətbiq edə bilər. Əgər mübahisə fiziki zorakılıq ilə nəticələnərsə, İnzibati Xətəlar Məcəlləsinin “Döymə” maddəsi ilə (maddə 157) 300-500 manat məbləğində cərimə və ya 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Əgər sağlamlığa qəsdən ağır, az ağır və ya yüngül zərər vurmaqla törədilibsə, belə mübahisə hətta cinayət məsuliyyətinə səbəb ola bilər".

Ekspert Fəxrim Quluzadə isə belə hallarla üz-üzə qalmamaq üçün mənzillərin təmiri zamanı diqqət edilməli olan nüanslardan danışıb: "Təəssüf ki, yeni inşa edilən binalarda inşaat akustikasının norma və tələblərinə adətən riayət olunmur. Buna görə də qonşularla mübahisələr yaşanmaması, öz rahatlıqları, həmçinin şəxsi həyat sirrinin qorunması üçün mənzil sahiblərinin mümkün çıxış yolu bu problemi öz imkanları hesabına həll etməkdir. Bu halların qarşını almaq həm təmir zamanı, həm də bəzi hallarda təmirdən sonra da mümkündür. Bu məqsədlə döşəmədə, divarların üzlənməsində, tavan və hətta bəzi mühəndis sistemlərində müəyyən səs izolyasiya materiallarından istifadə edilməsi məsləhət görülür. Vibrasiya yaymayan karkaslar, yüksək səs uduculuq xüsusiyyətinə malik mineral yunlar, səs keçirməyən panellər, səs keçirməyən gips karton lövhələri, vibroakustik qermetika və hətta səs keçirməyən elektrik yuvalarından istifadə etmək yolu ilə yüksək səs izolyasiya nəticəsi əldə etmək mümkündür. Səs izolyasiyası çox vacib və tətbiq zamanı ustalıq tələb edən sahədir. Təmir edən şəxslər bu sahədən məlumatsız olduqlarına görə bu materiallardan istifadə etmirlər və yaxud yanlış materiallar və yanlış tətbiq etmənin qurbanları olurlar. Mənzil sahiblərinin daim diskomfort şəraitində yaşamaması üçün təmirə başlamazdan öncə ixtisaslaşmış şirkətlərə müraciət etmələri tövsiyyə olunur".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı