Naxçıvan Mediasiya Təşkilatı Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib - FOTOLAR
29 fevral 2024-cü il tarixində Naxçıvan Mediasiya Təşkilatının 2024-cü il üçün Əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq təşkilatın ofisində Naxçıvan Dövlət Universitetinin Hüquq Fakültəsinin 4-cü kurs tələbələri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə Naxçıvan Mediasiya Təşkilatının rəhbəri Yusif Həsənov çıxış etmişdir. Yusif Həsənov Naxçıvan Mediasiya Təşkilatının yaradılması, inkişafı haqqında məlumat vermiş, fəaliyyət göstərdiyi müddət ərzində əldə olunan uğurlar barəsində danışmışdır. Görüşdə mediasiyanın məqsəd və prinsipləri, mediasiyada baxılan mübahisələrin əhatə dairəsi, üstünlüklərindən bəhs edilmişdir. Yusif Həsənov Azərbaycan mediasiyasının regional mediasiya qurumlarına qoşulmasını xüsusi qeyd edərək, Türk Dünyası Mediatorlar Birliyinin yaradılmasını və Mediasiya Şurasının sədri cənab Nadir Adilovun həmin qurumun sədr müavini seçildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Yarandığı gündən qısa bir vaxt keçməsinə baxmayaraq Azərbaycan mediasiyasının regional qurumlarda rəhbərlik səviyyəsində təmsil olunması tədbir iştirakçıları tərəfindən yüksək uğur kimi qiymətləndirilmişdir.
Sonda tədbir iştirakçıları mediatorların iş şəraiti ilə tanış olmuşlar. Həmçinin məxfilik qorunmaq şərti ilə praktiki olaraq mediasiya prosesində iştirak etmişlər.