Xəbərlər 13.03.2024 21:33 1833

“Bu, dünya miqyasında iqtisadiyyatda canlanmaya bir qədər mənfi təsir göstərir”- Elşad Məmmədov

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0.32 dollar və ya 0.37% artaraq 86,64 ABŞ dolları təşkil edib.

Bəs Azərbaycan neftinin beynəlxalq bazarlarda bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Neftin bu qiymət artımı regional və ya qlobal siyasi gərginliyin nəticəsi ola bilərmi? Azərbaycanın neft sənayesində qiymət artımı digər enerji mənbələrinin rəqabət qabiliyyətinə necə təsir göstərə bilər?

QHT.az bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədovdan açıqlama alıb. O, qeyd edib ki, neftin qiymətinin bahalaşması Azərbaycana həm büdcədaxilolmalar nöqteyi nəzərdən, həm Dövlət Neft Fondunun ehtiyatlarının artması baxımından, həm də milli valyutanın sabitliyi nöqteyi nəzərdən olduqca önəmlidir: “Neft qiymətlərində müşahidə edilən mövcud durum ölkə iqtisadiyyatının imkanlarının genişlənməsinə ümumilikdə xidmət edir. O ki, qaldı bu proseslərin, yəni neft qiymətlərinin bahalaşması səbəblərinə, bu həm geosiyasi gərginliklə bağlıdır, həm də neft hasilatçıları arasında müvafiq razılaşmaların əldə olunması neft qiymətlərinin sabit olaraq yüksək olmasına şərait yaradır”.

Qiymət artımının digər enerji mənbələrinə rəqabət qabiliyyətinə təsirinə gəldikdə Elşad Məmmədov hesab edir ki, bu investisiyaların artımına xidmət edə bilər: “Digər eneri istehsalı ilə bağlı olan, o cümlədən alternativ enerji mənbələri ilə bağlı olaraq investisiyaların həcmini artıra bilər. Bununla yanaşı bu bütövlükdə enerji daşıyıcılarının qiymətlərinin artımına şərait yaradır ki, bu da dünya miqyasında iqtisadiyyatda canlanmaya bir qədər mənfi təsir göstərir. Enerji daşıyıcılarının qiymətlərinin baha olması iqtisadi fəaliyyətə, sənayenin inkişafına qlobal miqyasda dayandırıcı təsirlər göstərir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı