Yazar 20.11.2019 02:34 296591

Qadın -Müqəddəs Varlıqdır

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adını bəşəriyyət həmişə uca tutmuşdur. Qadın tarixən dünyada ən gözəl varlıq, ən dəyərli həyat mənbəyi hesab edilmişdir.

 

 

İnsanlığa həyat bəxş edən, bəşər övladını böyüdüb-bəsləyən, öz varlığı ilə dünyaya bəzək verən Qadın qarısında dahilər və müdriklər baş əymiş, onun şərəfinə dünya mədəniyyətini zənginləşdirən əsərlər yaradmış, təkrarolunmaz gözəlliyini, mənəvi aləmini vəsf etmiş, mükəmməlliyini və müqəddəsliyini israrla vurğulamışlar. Həyatı qadınsız təsəvvür etmək Kainatı Günəşsiz təsəvvür etmək kimi çətindir... Doğrusu – mümkün deyil.

Təqvimdə ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Çox qədim dövrlərdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və dərin hörmət bəslənmiş, Vətənə övlad yetişdirən ana həmişə müqəddəs olmuş, namus, qeyrət və sədaqət rəmzi sayılmışdır. Müdrik hökmdar və cəsur sərkərdə, böyük alim və bacarıqlı dövlət xadimi, istedadlı şair və mahir sənətkar olan Azərbaycan qadınlarının adları çoxəsrlik tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan qadını öz dərin zəkası və incə qəlbi, vəfası və sədaqəti, mərdliyi və qəhrəmanlığı, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutmuş, xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və gələcək nəsillərə ötürülməsində misilsiz rol oynamışdır.

Qədim tariximizin və zəngin mədəniyyətimizin parlaq səhifələri həm də ana və bacılarımızın adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan, elimizi və xalqımızı dünyaya tanıdan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, alimlər və siyasi xadimlər bəxş etmişdir. Doğma yurdun, Vətən torpağının təcəssümü olan ana məfhumu xalqımızın təfəkküründə xüsusi yer tutur, müqəddəslik rəmzi sayılır. Əbəs yerə deyildir ki, doğma Azərbaycanımıza Ana Vətən deyə səslənirik.

Xalqımızın Ümummilli lideri Heydər Əliyev Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

Uzun əsrlər boyu Azərbaycan qadını həm gözəl ana, həm də vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, xalqına layiqincə xidmət etmiş, ən gözəl mədəniyyət və incəsənət nümunələrini yaradmış, igidlərimizlə çiyin-çiyinə yağılarla vuruşmuş, elinin torpağını, evinin ocağını düşməndən qorumuş, at belində qılınc çalıb haqq və ədalət yolunda qanını və canını əsirgəməmişdir.

Bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalan XX əsr Azərbaycan qadınının nəyə qadir olduğunu bir daha sübuta yetirmiş oldu. Dövlət idarəçiliyi, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandıqları nailiyyətlər onun çox böyük potensiala malik olduğunu nümayiş etdirdi.

Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, qadınlarımız ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatın fəal iştirakçısına çevrilirlər. Müasir Azərbaycan qadını dövlətin və xalqın gələcəyi üçün mühüm və taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

Müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verən Azərbaycan qadınlarının cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Sonsuz ehtiram sahibi olan Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, sadiq dövlət məmuru, yüksəkixtisaslı peşəkar mütəxəssisdir. Bu cür fəal həyat mövqeyi qadınlarımızın sahib olduqları milli şüur və malik olduqları tarixi ənənələrlə yanaşı, ölkəmizdə uğurla həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Dövlət müstəqilliyinin bərpa edildiyi dövrdən başlayaraq, qadınların ölkənin ictimai-siyasi həyatına qovuşması, onların dövlət idarəçiliyində geniş təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirlərinə diqqət yetirək: "Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Bu gün Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin ali orqanlarında, elm və təhsil müəssisələrində, mədəniyyət və səhiyyə ocaqlarında böyük əzmlə və yüksək məsuliyyətlə çalışırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nın xoşməramlı səfiri Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda öz zəngin fəaliyyəti, böyük bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir olduğunu beynəlxalq ictimaiyyətə layiqincə nümayiş etdirir.

Ölkə Prezidentinin hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik onun zərif cinsin nümayəndələrinə yüksək diqqət və ehtiramının təcəssümüdür. Ölkə rəhbəri dövlətimizin qazandığı uğurlarda qadınların rolunu bu cür dəyərləndirir: "Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər".

Məlum olduğu kimi, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İCESCO 2021-ci ili İslam aləmində “Qadın İli” elan etmişdir. Bu addım nüfuzlu beynəlxalq təşkilatın ayaqları altında cənnətin olduğu vəsf edilən ana adlı qadına diqqət və hörmətin təzahürüdür. Amma qadına həssas və qayğılı münasibətə, sevgi və diqqətə bir il yox, bir insan ömrü də həsr edilsə - azdır.

Şərəfli ana adını daşıyan qadın – müqəddəs varlıqdır. Ona biganə olmaq – qəbahət, hörmətsizlik etmək – cinayətdir. Vətənə layiqli övlad bəxş edən, övladı Vətən uğrunda mücadilədə şəhidlik zirvəsinə ucalan qadın müqəddəslik meyarı olmaya bilməz.

Bəşəriyyətin ən həssas və qayğıkeş, ən zərif və incə, ən müqəddəs və əlçatmaz varlığı olan QADIN, sən həyatın mənası, bəzəyi və əbədi gözəlliyisən. Ən ali mənsəbə, dərin hörmətə və ülvi məhəbbətə layiqsən.

Günün mübarək! İlin mübarək! Varlığın mübarək!

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı