Xəbərlər 08.04.2024 18:34 1827

Lənkəranda kitab bayramı, müəlliflərlə görüş... 

Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda üç gün (5-7 aprel) davam edən İkinci Respublika Kitab Sərgisində 30-a yaxın nəşriyyatın çap etdiyi kitablar oxuculara təqdim olunub, eləcə də sərgi çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, kitab təqdimatları, tanınmış yazarlarla görüş və imza mərasimləri, uşaqlar üçün nağıl saatları və s. tədbirlər keçirilib.
Kitaba marağın azaldığı bir zamanda cənublular tərəfindən rəğbətlə qarşılanan kitab bayramı oxucuların böyük marağına səbəb olub. Əminik ki, bu cür möhtəşəm layihələrin paytaxtla yanaşı regionlarda təşkili oxucu sayının artmasına, gənc nəslin daha da sosiallaşmasına müsbət təsir göstərəcək. 

 

Rövşən Abdullaoğlu: “Bir yerdə ki təhsil var, kitab var, o yerdə mədəniyyət də olacaq, insaniyyət də...”

 

Sərginin sonuncu günü – aprelin 7-də, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində tanınmış yazıçı, “PEN America” yazıçılar birliyinin üzvü, “Qədim Qala” nəşriyyatının təsisçisi Rövşən Abdullaoğlunun oxucularla görüşü və imza saatı maraqlı anlarla yadda qaldı.
Öncəki görüşlərinin birində əsərlərilə böyük auditoriyanı əhatə etmək istədiyini deyən məşhur yazıçı ilə görüşə tələsən yüzlərlə oxucu – elm adamları, yazarlar, kitabsevərlər, media nümayəndələri Mərkəzin böyük təqdimat zalına toplaşmışdı.  
Həyatı, yaradıcılığı, yeni layihələri haqqında qısa məlumat verən ədib “Üzləşmə”, “Koramal”, “Hər bir insan hökmdardır”, “Ləpirçi: Mən yeməli deyiləm” və digər intellektual, psixoloji, detektiv janrlarda yazdığı əsərlərindəki incə nüanslara toxundu, bədii ədəbiyyatın cəmiyyətə təsir gücündən, “Bu şəhərdə kimsə yoxdur” adlı ilk romanının motivləri əsasında çəkilən teleserial vasitəsilə insanlara çatdırılan sosial, psixoloji mesajlardan bəhs etdi.
Diskussiya şəklində davam edən görüşdə gənclərin sevimli yazarı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlu həmçinin müasir gəncliyin fərdi inkişaf prosesi və mütaliə bacarığının artırılmasına dair öz şəxsi mülahizələrini söylədi, respublikanın ictimai-siyasi həyatında fəallığı,  intellekti, vətənpərvərliyi ilə seçilən Azərbaycan gənclərinin ölkənin aparıcı qüvvəsinə çevrildiyini vurğuladı, dünyanın ən az ziyarətçisi olan ölkələrinə səfərlərilə bağlı xatirələrini bölüşdü. 
Görüş zamanı qeyd olundu ki, bu cür görüşlərin keçirilməsi cəmiyyətdə, xüsusilə yeniyetmə və gənclərdə kitaba olan marağın artırılmasında, mütaliə mədəniyyətinin, eləcə də sağlam həyat tərzinin təbliğində önəmlidir.
Sonda iştirakçıların sualları cavablandırıldı, imza saatı keçirildi.
Müasir ədəbiyyatımızın ən çox oxunan imzalarından olan Rövşən Abdullaoğlu ilə iki saatdan çox davam edən görüşdən hər kəs xoş təəssüratlarla ayrıldı.
Məlumat üçün bildirək ki 45 yaşlı yazıçı “Bu şəhərdə kimsə yoxdur”, “Arxadakı körpüləri yandırın”, “Çətin olsa da, həyat davam edir”, “Üsyan”, “Qorxular”, “Abaddon”, “Nəfsi təzkiyənin elmi əsasları”, “Həyatın imzası”, “Əsarət” və digər kitabların müəllifidir. 27 kitabının əksəriyyəti Misir, Özbəkistan, Türkiyə, Albaniya, hətta Tanzaniya kimi ölkələrdə kitabları çap edilib, türk, rus və ingilis dillərinə tərcümə olunub. “Relslər üzərinə uzanmış adam” romanı 2020-ci ildə ABŞ-ın "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. 
Tərcüməçi, filosof-şərqşünas, təlimçi, psixoloq R.Abdullaoğlu  elm və mədəniyyət ocağlarında fərdi inkişaf mövzularında təlimlər keçirir, müxtəlif tədbirlər çərçivəsində görüşlər təşkil edir.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı