Xəbərlər 23.04.2024 23:23 2082

100 il xalqın xidmətində – Masallı kitabxanasının yubileyi

Masallı kitabxanasının 100 illik yubileyi

 

Bir əsr xalqın xidmətində 

 

“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.”
                                                                                                                                   Ulu öndər Heydər Əliyev    

 

Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi.
Yubiley tədbirində rayon rəsmiləri, mədəniyyət işçiləri, ağsaqqal və ziyalılar, yerli yazarlar, ictimaiyyət və media nümayəndələri, oxucular iştirak edirdi.  
İştirakçılar əvvəlcə kitabxanın həyətində təşkil edilmiş kitab və rəsm sərgisi ilə tanış oldular.
Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra kitabxananın keçdiyi tarixi yola nəzər salındı. Qeyd edildi ki, Masallı rayonunda ilk kitabxana 1924-ci ildə Muzdurlar Komitəsinin təşəbbüsü ilə yaradılıb. Komitə üzvlərindən Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Kamil Filatova, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı-ayrı şəxslərdən toplanmış 250 nüsxə kitabı olan kitabxana Masallının tacir rastası adlanan mərkəzi hissəsində kiçik bir otağa yerləşdirilib. Kitabxanaya başçılığı Qulamhüseyn Məmmədov və Kamil Filatova öz öhdələrinə götürüblər. 1930-cu ildə həmin tacir rastası sökülüb və kitabxana Cavad bəyin evinə köçürülüb. Həmin ildən kitabxana dövlət büdcəsinə daxil edilib. 
Mərkəzi Kitabxana 1934-cü ildə yaradılıb. Hazırkı binanın tikintisinə 1969-cu ildə başlanılıb və 1970-ci ildə istifadəyə verilib. Rayonda fəaliyyət göstərən kitabxanalar 1978-ci ildə vahid sistem altında birləşdirilərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb və kənd kitabxanaları ilə birlikdə 83 kitabxana fəaliyyətə başlayıb. 
Kitabxanaya müxtəlif illərdə Lazım Ağarzayev (1976-1987), Şəhla Həsənova (1987-1991), Adil Heydərov (1990-2007), Əlhəddin Nəzərov (2007-2022) rəhbərlik edib. 250 nüsxə kitab fondu və 15 oxucu ilə fəaliyyətə başlayan kitabxananın bügünkü kitab fondu 265137 ədəd, oxucuların sayı isə 33198 nəfərdir. Mərkəzi Kitabxana Sistemində 1 mərkəz, 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filiallı birləşir...
Daha sonra çıxışlara başlanıldı. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin kitabxanaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıdan danışaraq dövlət tərəfindən kitabxana işinə yüksək qiymət verildiyini, bu sahənin inkişafına xüsusi diqqət ayrıldığını diqqətə çatdırdı.
Masallı RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev, yazıçı-publisist Nurəddin Ədiloğlu, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəkil İsmayılov, müxtəlif illərdə rayon mərkəzi kitabxanasına rəhbərlik etmiş Adil Heydərov, Əlhəddin Nəzərov, “Yeni həyat” ictimai-siyasi qəzetinin əməkdaşı Akif Ağayev, “Göy qurğağı” ədəbi məclisinin həmsədri Xanəli Tolış və başqaları milli sərvətimiz, məbədgahımız olan kitabxanaların xalqın intellektinin formalaşmasında, biblioqrafiyalaşdırma sahəsində, mənəvi yaddaşımızın nəsildən nəsilə ötürülməsində əhəmiyyətini vurğuladılar.
Çıxışlarda Azərbaycanda, eləcə də Masallıda kitabxana ənənələrinin qədimliyindən danışıldı, Milli Kitabxananın fondundan yararlanmağın, mütailənin vacibliyi gündəmə gətirildi. 
Kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandıran natiqlər kitabxana əməkdaşlarını və oxucuları əlamətdar gün münasibətilə təbrik etdilər.
Kitabxanaya yubiley hədiyyələri təqdim olundu.
Masallı rayon MKS-nin direktor əvəzi Zamin Məmmədov iştirakçılara kollektiv adından minnətdarlığını bildirdi.
Kitabxananın yaranmasının 100 illiyi çərçivəsində bir qrup şəxs Fəxri fərman və Təşəkkürnamələrlə, eləcə də hədiyyələrlə təltif edildilər.
Rayon Mədəniyyət Mərkəzi, “Həcər” folklor, onbirillik incəsənət məktəbi kollektivləri, kitabxana əməkdaşları, körpə fidanlar və məktəblilərin, Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında səhnəciklər, kompozisiya və musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

 

Akif AĞAYEV,


foto: Elsevər Əliyev, Faiq Mirzə


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı