Xəbərlər 29.04.2024 12:18 1853

QHT sədri məktəbin ideoloji rolu və valideyn-məktəb münasibətlərindən danışdı

“Dəyərli millət vəkilimiz Fazil Mustafanın “Dirilən adamın düşüncələri” adlı kitabında mövzu ilə bağlı çox maraqlı qeydlər var. İstərdim o qeydlərdən kiçik bir hissəni sizinlə də bölüşüm. Kitabda yazılır ki, "Bizdə məktəb ideoloji məkandır. Məktəbi hələ də inkişaf etmiş ölkələrdəki kimi ideyalar məkanına çevirə bilmirik. Bizdə məktəbin hədəfi dövlət üçün layiqli vətəndaş yetişdirməkdir. Bu hədəf cəmiyyət üçün ideyalı şəxsiyyət formalaşdırmaqla əvəz olunmadıqca məktəbin faydasından danışmaq çətin olacaq. İdeyasız vətəndaş sonradan dövlət üçün bəlkə də ən böyük yükə çevrilir".

Doğrudan da, belə bir dövrdə valideyn məktəb münasibətlərinə yenidən baxılmalıdır. Bu çox vacib və obyektiv bir zərurətdir.

Bu sözləri “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, ailə və məktəb arasında qarşılıqlı münasibətlər heç də yetərincə deyil, valideynlərin təhsil və tərbiyədə rolu həmişə olub, indi isə əvvəlkindən daha vacib sayılır, çünki onların rolu bu gün bir qədər fərqli və yeni formadadır: "Ona görə də valideynlərin təhsil prosesində iştirakçılığı yüksək şəkildə təşkil olunmalıdır. Valideynlərlə əməkdaşlığın əhəmiyyəti və effektivliyi də ondadır ki, biz bu əməkdaşlığa məktəbin, təhsil sisteminin vəzifəsi kimi baxırıq. İşin ən yaxşı cəhəti də odur ki, əksər hallarda valideynlər özləri buna can atır. Bütün hallarda, istər oxumağın təhsilə, istərsə də təhsilin oxumağa olan münasibətlərini tənzimləmək və bu paralelliyi qorumaq istəyiriksə, valideyn məktəb əlaqəsi ilə bərabər, təhsilin inkişafı da hər zaman diqqətdə saxlanılmalıdır. Ali məktəblərdə müəllim hazırlığına xüsusi diqqət yetirilməlidir. Tədris proqramları köklü şəkildə yenilənməli, öyrənilməsi gələcək pedaqoji fəaliyyətdə önəmli əhəmiyyət kəsb etməyən fənlər ümumiləşdirilməli və ya ixtisara düşməli, müasir çağırışlara cavab verə biləcək yeni fənlər əlavə olunmalıdır. Bu baxımdan gələcək müəllimlərin tədris edəcəkləri fənndən asılı olmayaraq sosiologiya, uşaq və yeniyetmə psixologiyası, məktəb gigiyenası, ailə təsərrüfatının idarə olunması, dünya xalqlarının mədəniyyəti və milli mədəniyyət, ünsiyyət mədəniyyəti, natiqlik qabiliyyəti kimi sahələri əhatə edən fənlərin tədrisi faydalı ola bilər. Müəllim hazırlığında müasir pedaqoji təcrübənin öyrənilməsi olduqca əhəmiyyətlidir. Ali məktəblərdə pedaqoji təcrübəyə ayrılan saatların sayı artırılmalı, bəlkə də Tibb Universitetinin məzunlarının bir illik internatura mərhələsinə cəlb olunduqları kimi, gələcəyin müəllimləri də nəzəri biliklərə yiyələndikdən sonra orta təhsil müəssisələrində bir illik ödənilən pedaqoji təcrübə keçməli, özlərini doğrultduqları təqdirdə həmin məktəbdə tamhüquqlu müəllim qismində işlə təmin olunmalıdırlar".

Könül Quliyeva həmçinin bildirib ki, müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin sosial durumunun yaxşılaşdırılmasına diqqət artırılmalıdır: "Unutmayaq ki, savadlı və bilikli kadr potensialının bünövrəsi məhz orta təhsilin ibtidai sinif mərhələsində qoyulur. Son vaxtlar sinifdə şagirdlərin sayının tədrisin keyfiyyətinə mənfi təsir göstərməməsi barədə fikirlər səslənir. Bu problemə birtərəfli yanaşmaq düzgün hesab edilə bilməz. Əgər biz tədris prosesində hər bir şagirdə fərdi yanaşmanın zəruriliyindən, fərdi xüsusiyyətlərin nəzərə alınmasının vacibliyindən danışırıqsa, 45 dəqiqə ərzində 40 şagirdə fənn tədris edən müəllimin faydalı iş əmsalını yüksək hesab edə bilərikmi? Zənnimcə, sinifdə şagirdlərin sayının azaldılması, təhsilin fərdiləşdirilməsi barədə düşünmək lazımdı".

Bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında rəşadətli gənclərimizin xidmətlərindən danışırıq. Biz hamılıqla həmin gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasını, onların davamlı inkişafı üçün şərait yaradılmasını və üzləşdikləri bir sıra problemlərin həll edilməsində maraqlı olmalıyıq. Eyni zamanda ölkənin ictimai-siyasi həyatında fəal iştirakçılıqlarını təmin etməliyik. Əgər gələcəyimizi onlara əmanət ediriksə, təhsil və tərbiyələri üçün ən yaxşı şəraiti yaratmalıyıq ki, onlar da bizi arzuladığımız gələcəyə doğru apara bilsinlər.

Qeyd edək ki, bu mövzuda daha çox diqqət və resurslar cəlb etmək, oxuculuğu təşviq etmək, oxuyucuların düşünmə və analiz etmə bacarıqlarını dəstəkləmək lazımdır. Bu, cəmiyyətimizin mədəniyyətini və intellektual potensialını artıracaq və hər bir fərdi daha sağlam, müdrik və yaradıcı həyat yaşamağa yönəldəcəkdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı