Xəbərlər 29.04.2024 15:09 2201

Xalqlararası nifaqın dərinləşməsinə, alovlanmasına yönəlmiş seminar – QHT sədrindən etiraz

2024-cü il aprel ayının 17-si tarixində İlliyons Urban-Şampeyn universitetinin elmlər namizədi Conatan Hollis Azərbaycan muğamının təşəkkülündə "erməni musiqiçilərinin rolu və xidmətləri" , eləcə də azərbaycanlılar tərəfindən qovulması kimi məsələlərin qaldırıldığı bir məruzə ilə seminar təşkil etmişdir. 
 

Seminara dünyanın müxtəlif ölkələrindən alimlərin, jurnalistlərin və digər şəxslərin qoşulması üçün online imkanlar da yaradılmışdı. Bu seminarın təşkili ilə bağlı məlumat Azərbaycan ictimaiyyətinə də bəlli idi. AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muğamşünas alim Sənubər  Bağırova həmin universitetin rəhbərliyinə məktub ünvanlayaraq məruzə mövzusu, irəli sürülən iddialar və gətirilən “faktlar”la bağlı öz fikrini bildirmişdir. 
Şərq intibahının şah əsəri kimi tarixə düşən muğam sənətinin Azərbaycan kökləri real faktlar, tarixi sənədlər və elmi araşdırmalarla öz mənşəyini artıq çoxdan sübuta yetirmişdir. Buna baxmayaraq göründüyü kimi, dünya ictimaiyyətinin hər zaman ikili standartlara qulluq edən münasibəti artıq elm insanlarına da sirayət edib. İllərlə mətbəximizi, mədəniyyətimizi, abidələrimizi, mahnılarımızı, rəqslərimizi mənimsəyərək öz adlarına çıxmağa çalışan bu toplum indi də muğamımıza göz dikib. Lakin tarixi qədimliyi, ümumşərq mədəniyyətinin təmsilçisi kimi qəbul olunmuş, YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına məhz Azərbaycan muğamı kimi daxil olmuş bir sənətə qarşı iddialı olmaq o qədər də asan iş deyil. Buraya elm camiyəsini cəlb etmək iddianın inandırıcılığıma təminat verə bilərdi. Lakin, bir məqam unudulur ki, muğam sənəti ilə bağlı tarixi sənədlər, orta əsr alimlərinin risalələri, şair və ədiblərin əsərləri mühüm faktlarla zəngindir və Azərbaycan mədəniyyətinin ən parlaq səhifələrini özündə əks etdirir. 


Məruzənin mövzusu Qafqaz xalqlarının ortaq musiqi mədəniyyətinə işıq salmaqdan çox xalqlararası nifaqın dərinləşməsinə, alovlanmasına yönəlmişdir ki, bu da daha çox siyasi məqsədi əks etdirir. Digər məsələ isə, məruzə müəllifinin gerçək elmi, tarixi mənbələrə deyil, informant məlumatlarına istinad edərək elmi iddialar irəli sürməsi, tarixi faktları məhdudlaşdırılmış və saxtalaşdırılmış şəkildə təqdim etməsi ilə bağlıdır. Bununla bağlı musiqişünas alim S.Bağırova Azərbaycan muğamı ilə bağlı fundamental elmi əsərlərin adlarını çəkərək universitet rəhbərliyini və burada çalışan elm nümayəndələrini qoyulan problemə daha peşəkar yanaşma nümayiş etdirməyə səsləyir. Sənət və sənətkara təcazüvə gəlincə isə, alim onlliklərlə Qərbi Azərbaycan ərazisindən minlərlə insanların ata-baba yurdlarından didərgin düşməsi nəticəsində Azərbaycan aşıq sənətinin Göyçə, Ağbaba, Çıldır, Dərələyəz kimi mühitlərinin öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalması və sönmək təhlükəsini, Qarabağ aşıq və muğam mühitinin 30 illik işğaldan maddi-mənəvi ziyan görməsini diqqətə çatdıraraq Conatan Hollisin əsas məqsədinin hal-hazırda qərb mediasında tez-tez müşahidə edilən Azərbaycanı və azərbaycanlıları mənfi mövqedə təqdim etmək olduğunu bildirmişdir. 
 

Muğam sənəti vokal-instrumental şəkildə ifa edilən və qəzəllər üstündə oxunan vokal improvizasiyalı musiqi kompozisiyasıdır. Bu sənətin əsas təmsilçiləri xanəndə və sazəndələrdir. İnstrumental ifaçılığın inkişafı ilə əlaqədar XX əsrin əvvəllərindən başlayaraq muğam dəstgahlarının tar, ud, kamança, balaban və digər musiqi alətlərində ifa versiyaları yaranmağa başlamışdır. XIX əsrin II yarısında xanəndələri müşayiət edən dəstələrdə erməni musiqiçilərinin də olması ilə bağlı faktlar bilavasitə Azərbaycan tədqiqatçılarının da əsərlərində vardır. Əgər Azərbaycan xalqı bu faktı danmış olsa idi, muğam sənəti ilə bağlı onlarla mənbələrdə bu musiqiçilərin adı çəkilməzdi. Əsasən kamança alətində ifa edən erməni musiqiçiləri tarzənin ifasını təkrar edərək ümumi ansambl ifasında iştirak edirdi. Onların muğam sənətinin inkişafına bilavasitə təsiri hər hansısa faktlarla səciyyəvi deyildir. Bu mənada S.Bağırovanın məktubunda bu günə qədər erməni musiqiçisi ilə bağlı hər hansı bir muğamın və ya şöbənin, guşənin yaranması ilə bağlı məlumatın olmaması haqlı olaraq diqqətə çatdırılmışdır. 
 

Biz “İz-mədəniyyətin inkişafına dəstək ictimai birliyi” olaraq Azərbaycan ictimaiyyətini, həm də qeyri-hökumət təşkilatlarını milli mədəniyyətimizə qarşı yönələn və münaqişə xarakterli məzmunlar sərgiləyən bu cür hadisələrə biganə qalmamağa və öz münasibətini bildirməyə çağırırıq.   
 

Fəridə Mirişova 
İz mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri,

AMEA . Memarlıq və İncəsənət  İnstitutunun  
Musiqi Folkloru “ şöbəsinin əməkdaşı

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı