İctimai Şura sədrləri minaaxtaran Anar Ənnağızadəni ziyarət etdi - FOTOLAR
ANAMA və Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri adından Şuranın sədrləri ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında müalicə alan minaaxtaran Anar Ənnağızadəyə baş çəkib. Anar Ənnağızadə 20 iyun 2024-cü il tarixdə Cəbrayıl rayonunda baş verən mina insidentindən sora həkimlərimizin fədakarlığı sayəsində sağ qalıb. Həmin hadisə zamanı ANAMA-nın digər peşəkar minaaxtaranı Rafiq İsayev isə həlak olub.
QHT.az xəbər verir ki, ANAMA yanında İctimai şuranın sədri Umud Mirzəyev və DİN yanında İctimai şuranın sədri Əliməmməd Nuriyev minaaxtaranı müalicə zamanı ziyarət edərək onun döyüş ruhunu və fədakarlığını, minaaxtaranların insanlığa etdiyi xidməti tərifləyiblər. Bu ziyarət zamanı Şura sədrləri, Anar Ənnağızadənin yaşadığı zor anlarda onun yanında olduklarını və tərəfdaşlarının onu unutmadığını ifadə etmişlər. Həmçinin, onun müalicə prosesindən sonra göstərdiyi möhkəmlik və əzmkarlığı vurğulayaraq, minaaxtaranların və onların ailələrinin üstün fədakarlığına hörmətini bildirblər.
Umud Mirzəyev bildirib ki, Rafiq İsayev doğulub boya başa çatdığı Ağstafa rayonun Saloğlu qəsəbəsində dəfn olunarkən hər kəs ürək ağrısıyla onun peşəkarlığından, dostluğundan, ləyaqətli vətəndaş olmasından danışırdı: "Anar da böyük acılar və sarsıntılarla insident baş verən günü, həmin anı və öz həmkarını xatırlayırdı. Mina terroru böyük insanlıq suçudur. Biz erməni separatçılarının Qarabağda törətdikləri mina terrorunun hesab-kitaba sığmayan miqyasından, ərazilərin ifrat çirkləndirilməsindən də danışdıq. Dəyərli həmkarımız Əliməmməd Nuriyevin həmyerlisi, Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Anar Ənnağızadə aldığı müalicələrdən də razılıq etməklə yanaşı həmkarlarının onu darıxmağa qoymadığını, iki gün öncə ANAMA-nın rəhbərliyinin də onu ziyarət etdiyini bildirdi. Hospitalı tərk edərkən biz də Anara şəfalar diləyib, tezliklə öz həmkarlarına qovuşması arzusu ilə ondan ayrıldıq".
Qeyd edək ki, bu hadisə, bir daha mina təhlükəsinin real və dəhşətli olduğunu göstərir. Həyatını təhlükəyə atan minaaxtaranların qəhrəmanlığı və onların çətin iş şəraitində göstərdikləri fədakarlıq böyük hörmət və dəstək tələb edir. Mina terroruna qarşı mübarizə, təhlükəsizlik və insan həyatının qorunması üçün davamlı səylər göstərilməlidir. Azərbaycan cəmiyyəti, minaaxtaranlarımızın fədakarlığını və onların ailələrinə dəstək olmağı unutmamalıdır.
Pərvanə Fərhadqızı