60 yaşlı kişi dünyada HİV-dən sağalmış yeddinci insan ola bilər
60 yaşlı alman kişi kök hüceyrə nəqlindən sonra HİV-dən effektiv şəkildə sağalmış yeddinci insan ola bilər.
QHT.az xəbər verir ki, bu ağrılı və riskli prosedur həm HİV, həm də aqressiv leykozlu insanlar üçün nəzərdə tutulub, ona görə də dünyada ölümcül virusla yaşayan 40 milyona yaxın insanın demək olar ki, hamısı üçün uyğun deyil. Adının açıqlanmasını istəməyən alman “növbəti Berlin xəstəsi” adlandırıldı.
Berlinli ilk xəstə Timoti Rey Braun 2008-ci ildə İİV-dən sağaldığını elan edən ilk insan idi. Braun 2020-ci ildə xərçəngdən vəfat edib.
Almaniyanın Münhen şəhərində gələn həftə keçiriləcək 25-ci Beynəlxalq QİÇS-lə Mübarizə Konfransı ərəfəsində Berlindən olan ikinci şəxsin HİV-dən uzunmüddətli remissiyaya nail olduğu elan edilib. Konfransda təqdim olunan tədqiqatın xülasəsinə əsasən, ona ilk dəfə 2009-cu ildə İİV diaqnozu qoyulub. 2015-ci ildə kişi leykoz xəstəliyinə görə sümük iliyi transplantasiyası əməliyyatı keçirib. 10 faiz ölüm riski daşıyan prosedur mahiyyətcə insanın immun sistemini əvəz edir. Daha sonra, 2018-ci ilin sonunda o, qanda HİV səviyyəsini aşağı salan antiretrovirus dərmanları qəbul etməyi dayandırdı. Təxminən altı il sonra o, HİV və xərçəngdən azad görünür, tibb tədqiqatçıları deyirlər. Xəstəni müalicə edən Berlin Charite Universiteti Xəstəxanasının tədqiqat həkimi Kristian Gebler bildirib ki, komanda HİV-in bütün izlərinin məhv edildiyinə "tam əmin ola bilməz".
Pərvanə Fərhadqızı