“Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” adlı layihə çərçivəsində növbəti seminar keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” adlı layihəsi çərçivəsində növbəti maarifləndirici seminarını Göyçay rayonunda keçirib.
QHT.az xəbər verir ki, iki günlük seminarda layihə üzrə ekspert - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova, Göyşay Dağlıq Şirvan regional nümayəndəliyinin rəhbəri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmatılov iştirak ediblər. Seminarları “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri, layihə rəhbəri Samirə Mustafayeva açaraq, iştirakçılara layihə və onun məqsədi barəsində geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi gündəlik həyatımızda uşaq zorakılığına qarşı mübarizə aparmaq üçün ictimai məlumatlandırma işinin aparılması, önləyici tədbirlərin həyata keçirilməsi və ölkəmizdə uşaq hüquqlarını müdafiə edən qanunların, konvensiyaların tətbiqi sahəsində qərar qəbul edən şəxslərə köməklik göstərməkdən ibarətdir.
Göyşay Dağlıq Şirvan regional nümayəndəliyinin rəhbəri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmatılov çıxış edərək bu tip maarifləndirici layihələrin regionlarda mütəmadi keçirilməsi üçün öz tövsiyələrini verib. Müzakirələr iştirakçılarla diskussiya şəklində davam edib. Ekspert Nailə İsmayılova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb və iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.
Hər iki seminarın sonunda iştirakçılarla aparılan müzakirələr çay süfrəsi ətrafında səmimi şəraitdə davam edib.