Neftçalada "Məktəbliyə dəstək" təşəbbüsü: 90 məktəbliyə yardım göstərildi/ FOTOLAR
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi 2024/2025 tədris ilinə töhfə olaraq "Məktəbliyə dəstək" təşəbbüsünü həyata keçirib. Bu təşəbbüs çərçivəsində Neftçala rayonunda yaşayan həssas əhali qrupuna aid ailələr araşdırılıb, onların məktəbli övladlarının yaş qrupları müəyyən edilib və yardım üçün sosial xəritə hazırlanıb.
QHT.az xəbər verir ki, bu barədə Neftçalada Qadınların Sosial Inkişafına Dəstək Ictimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində İctimai Birlik xeyriyyə təşkilatları ilə əməkdaşlıq edərək, yardımları həyata keçirmək üçün müxtəlif qurumlara müraciət edib. Ümid Yolu Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə 60 məktəbliyə geyim, çanta və dərs ləvazimatları təqdim olunub. Eyni zamanda, Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə 30 məktəbliyə çanta və dərs ləvazimatları təqdim edilib. Bundan əlavə, Güvən Xeyriyyə İctimai Birliyi Aşağı Qaramanlı kənd ümumi orta məktəbinə bir ədəd komputer bağışlayıb.
"Məktəbliyə dəstək" təşəbbüsü ümumilikdə 90 məktəblinin tədris ləvazimatlarına əlçatanlığını təmin edib. Təşəbbüsün əsas məqsədi, həssas ailələrdən olan uşaqların təhsilinə dəstək olmaqla, cəmiyyətə istedadlı fərdlər qazandırmaq və insanların sosial asılılığını azaltmaqdır.
Bu təşəbbüs Neftçala rayonu əhalisi arasında təhsil sahəsində müsbət dəyişikliklər yaratmağı hədəfləyir.
Paylaş