Qarabağa Səfər: Şəhid ailələri və əlilliyi olan insanların problemləri dinlənildi / FOTOLAR
“Türk Dünyası Turan Düşüncə Mərkəzi”, “Beynəlxalq Əlillər Cəmiyyəti”, “Əlillər Dünyası” qəzetinin rəhbəri Tahir Xudiyev, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in sədri Hüsaməddin Xudiyev və hər üç təşkilatın üzvü Vaqif Cəliloğlu bu yaxınlarda əlilliyi olan insanların, şəhid ailələri və məcburi köçkünlərin müraciətinə əsasən Qarabağa səfər ediblər.
QHT.az xəbər verir ki, səfər zamanı Şəhidlər Xiyabanlarını ziyarət edən əməkdaşlarımız əvvəlcə Tərtər şəhərində BƏC İB-in Qarabağ Nümayəndəliyinin rəhbəri Həsənağa Bayramovla birgə əlil və şəhid ailələri ilə görüşüblər. Eləcə də BƏC İB-in üzvü, Qarabağ qazisi, səhhətində ciddi problemi olan Əliyev Əliş Cümşüd oğlunun ailəsində olmuş, ona Quran kitabı hədiyyə ediblər.
Nümayəndə heyəti sonra Ağdamın Quzanlı qəsəbəsinə, Xankəndinə, Laçına da səfər etmişlər. Səfər zamanı onlar əilliyi olan insanlar, şəhid ailələri, müharibə iştirakçıları, məcburi köçkünlər və digər imtiyazlı şəxslərin hər biri ilə ayrı-ayrılıqda görüşmüş, hər birinin mövcud problemləri və şikayətləri dinlənilmış və qeydiyyatı aparılmışdır. İctimai Birlik tərəfindən bu problemlərlə bağlı ayrı-ayrılıqda aidiyyəti dövlət təşkilatlarına müraciətlər ediləcək.
Eləcə də məcburi köçkün, Xankəndi sakini Quliyeva Tamella Həsən qızının işlə təmin olunması ilə bağlı “Beynəlxalq Əlillər Cəmiyyəti”nə etdiyi müraciətə əsasən Xankəndi Nümayəndəliyinə rəsmi müraciət edildi.
27 sentyabr Anım günü ərəfəsində keçirilən səfər zamanı onlar BƏC İB-in üzvü, Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, təqaüddə olan polis polkovnik-leytenantı Şahmuradova Təranə Əmirxan qızı ilə də görüşmüş, ailəyə Quran kitabı hədiyyə etmişlər. Təranə xanımın polis əməkdaşları olan həyat yoldaşı Zeynalov Tahir Bahadur oğlu və qardaşı Natiq Şahmuradov Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşlar. Digər qardaşı Namiq Şahmuradov isə bu günədək itgindir.
Hər 3 təşkilatın əməkdaşları və Tamella xanım Xankəndində yenicə açılmış Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşmüş, Universitetin kitabxanasına Quran kitabı, BƏC İB-in nəşr etdirdiyi “And yerimiz şəhidlər”, əlilliyi olan uşaqların inkluziv və fərdi təhsili ilə bağlı kitabları hədiyyə etmişlər. Onlar Şahin Bayramovun əsil ziyalı kimi tələbələrə səmimi münasibətinin, diqqət və qayğısının şahidi olublar.
Tarixi şəhərimiz olan Xankəndində Qarabağ Universitetinin açılması möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının uzaqgörən siyasətinin uğurudur.
Bu anım günündə Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.