Xəbərlər 08.10.2024 09:34 7955

  Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı birgə görüş keçirib - FOTOLAR

Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uşaq müdafiə sistemində ictimai birlik və təşkilatların iştirakçılığının artırılmasıdır. 

Görüşdə Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın üzvləri, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansnın üzv təşkilatlarının sədrləri və Azərbaycan Müəllimlər Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Nazirliyin uşaq müdafiə siyasəti, uşaq müdafiə layihələri, “Məktəblinin dostu”, şagird davranış qaydaları, sosial pedaqoqlar barədə məlumat verib. Günel Səfərova məktəblərdə uşaq müdafiə sisteminin qurulmasının önəmini diqqətə çatdırıb və bu istiqamətdə sosial pedaqoqlarla işə başlanıldığını qeyd edib. Uşaq hüquqlarını əhatə edən çətir təşkilata ehtiyac olduğunu vurğulayan Günel Səfərova, gənclərlə işləyən “Bir Könüllü" təşkilatı, Gənc Müəllimlər Assosiasiyası kimi fəal təşkilatlara ehtiyac olduğunu diqqətə çatdırıb. 

Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev məktəblərlə ictimai təşkilatların münasibətlərinə toxunaraq düzgün koordinasiya ilə bu əməkdaşlıqdan yaxşı nəticələr əldə edilə biləcəyini qeyd edib. 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə sosial pedaqoqlarla bağlı Nazirliyin fəaliyyətini müsbət dəyərləndirib. Hikmət Əlizadə qeyd edib ki, sosial pedaqoqlar şagirdlərlə yanaşı, valideynlərlə də iş aparmalıdır.

Görüşdə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, Azərbaycan Uşaq Qaynar Xəttinin rəhbəri Kəmalə Aşumova, Uşaq Fondunun İdarə Heyətinin rəhbəri Zəhra Bədəlbəyli, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova da iştirak edib. 

Görüşdə onlayn əməkdaşlıq qrupunun təşkilinə qərar verilib. Növbəti görüşün isə oktyabrın ikinci yarısında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2003-cü ildən özündə çoxsaylı milli QHT-ni birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı bir çox dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumları və fərdlərlə əməkdaşlıq edərək Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı