Həmrəylik və inkişaf yolunda vacib addımlar: QHT sədri ilə MÜSAHİBƏ
Azərbaycan könüllülük hərəkatı son illərdə böyük inkişaf yolu keçib və gənclərin şəxsi inkişafı, ictimai faydalı fəaliyyətlərdə iştirakı üçün geniş imkanlar yaradıb. QHT.az olaraq, bu sahədə illərdir fəal olan, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və intellektual inkişafına töhfə verən "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova ilə müsahibə apardıq.
QHT.az: Təşkilatınızda könüllülərin ən təsirli olduğu sahələr hansılardır?
Tükəzban Süleymanova: Təşkilatımız 2014-cü ildən fəaliyyət göstərir və əsas məqsədlərimiz qeyri-formal təhsil istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirməkdir. Bu fəaliyyətlərə intellektual yarışlar, viktorinalar, müsabiqələr, sərgilər, seminarlar və digər maarifləndirmə tədbirləri daxildir. Gənclərimiz xüsusilə iki sahədə daha aktivdirlər: vətənpərvərlik və intellektual inkişaf. Onlar şəhid məzarlarını ziyarət edir, şəhid ailələri və qazilərlə görüşlər təşkil edirlər. Digər tərəfdən, intellektual oyunlarda, müsabiqələrdə fəal iştirak edərək öz dünyagörüşlərini zənginləşdirirlər.
QHT.az: Azərbaycanda könüllülüyün gələcəyini necə görürsünüz və daha çox insanın bu sahəyə cəlb edilməsi üçün nə edilə bilər?
Tükəzban Süleymanova: Könüllülük Azərbaycanda geniş inkişaf potensialına malikdir. Tarixə nəzər salsaq, I Qarabağ müharibəsindən bu yana gənclərin könüllülük fəaliyyətləri həmişə öz aktuallığını qoruyub. Daha geniş mənada, ilk kütləvi könüllülük hərəkatı 2015-ci ildəki ilk Avropa Oyunlarında qeydə alınmışdır. Könüllülük yaşa baxmadan hər kəsi əhatə etməli olan bir anlayışdır. Bu sahəyə daha çox insanı cəlb etmək üçün düzgün hədəflənmiş maarifləndirmə işləri aparılmalı və gənclərə könüllülük təcrübəsinin gələcək karyera baxımından əhəmiyyəti izah edilməlidir. Könüllülük gənclər üçün gələcək karyeralarına hazırlıq prosesidir. Burada onlar komanda işi, düzgün ünsiyyət kimi bacarıqları öyrənir, müxtəlif düşərgələrdə iştirak edir, sosiallaşır və özlərini inkişaf etdirirlər.
QHT.az: İnsanları könüllü olmağa nə motivasiya edir və təşkilatınız bu sahədə könüllülərin inkişafını necə dəstəkləyir?
Tükəzban Süleymanova: Könüllülük gənclər üçün gələcək karyeralarına hazırlıq prosesidir. Burada onlar komanda işi, düzgün ünsiyyət, sosiallaşma kimi bacarıqları öyrənir, müxtəlif düşərgələrdə iştirak edir və özlərini inkişaf etdirirlər. Təşkilatımız könüllülərin şəxsi inkişafını təmin etmək üçün müxtəlif dövlət qurumları və könüllü təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində təlimlər, layihələr və digər inkişaf yönümlü tədbirlər keçiririk.
QHT.az: Bu xüsusi gündə könüllülərə hansı mesajı vermək istərdiniz?
Tükəzban Süleymanova: Gənclərimizə mesajım odur ki, daim öyrənməyə və öyrətməyə davam etsinlər, öz üzərilərində çalışsınlar. Həyatda əldə etdikləri hər yeni bilik və təcrübə onların gələcəkdə uğurlu bir şəxsiyyət kimi formalaşmasına yardımçı olacaq. Bu xüsusi gündə bütün könüllüləri səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.
QHT.az olaraq, bu maraqlı müsahibəyə görə Tükəzban Süleymanovaya təşəkkür edir, təşkilatının uğurlarının davamlı olmasını arzulayırıq.
Pərvanə Fərhadqızı
QHT.az