Yaşıl dünya uğrunda həmrəylik və ekoloji maarifləndirmə ilinin nəticələri: QHT sədrindən AÇIQLAMA
"Səma və Eko" Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin rəhbəri İradə Həsənova 2024-cü ildə həyata keçirilmiş fəaliyyətlər və 2025-ci il üçün planlarla bağlı QHT.az -a özəl açıqlama verib.
QHT sədri bildirib ki, Prezident İlham Əliyevin üçüncü sektora göstərdiyi qayğı və diqqət sayəsində, "Səma və Eko" təşkilatı dövlətin maliyyə dəstəyi ilə bir sıra aktual layihələr icra edib. Xüsusilə ətraf mühitin mühafizəsinə dair maarifləndirmə tədbirləri və aksiyalar həyata keçirilib. Bu çərçivədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ölkənin müxtəlif rayonlarında ekoloji təlimlər təşkil olunub. İradə Həsənova qeyd edib ki, təşkilat "Xoşbəxt gənclik və sağlam ailə modelinin təbliği" layihəsini, həmçinin fiziki qüsurlu uşaqlara dəstək məqsədilə reabilitasiya mərkəzlərinin təşkilini həyata keçirib. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə çətin həyat şəraitində olan uşaqlar və ailələr üçün sosial xidmətlərin təşkilini də uğurla icra edib.
2024-cü ilin "Yaşıl Dünya Uğrunda Həmrəylik İli" elan edilməsi ilə bağlı bir çox məktəb və müəssisələrdə maarifləndirmə tədbirləri təşkil edilib. Bu tədbirlər çərçivəsində COP-29 iqlim konfransının Azərbaycanda keçirilməsindən irəli gələn vəzifələr barədə məlumatlandırma aparılıb.
Təşkilat 2025-ci il üçün aşağıdakı prioritet fəaliyyətləri müəyyənləşdirib:
- COP-29-dan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məlumatların toplanması.
- Respublikanın müxtəlif regionlarında ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
- Yerli icra hakimiyyətləri və bələdiyyələrlə birgə yaşıl zonaların salınması və yaşıl enerjiyə keçidin təşviqi.
- Orta məktəblərdə ətraf mühit və heyvanat aləminin qorunması üzrə maarifləndirici tədbirlərin təşkili.
- İçməli su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması və su problemlərinin həlli istiqamətində təbliğat işlərinin aparılması.
- Yaşıllıq sahələrinin və meşə ərazilərinin qorunması üçün gənclərin ekoloji fəaliyyətlərə cəlb edilməsi.
- Azərbaycanda eko-turizmin inkişafına dəstək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi.
“Biz ətraf mühitin qorunması və cəmiyyətin sosial-iqtisadi inkişafına töhfə vermək üçün fəaliyyətimizi davam etdiririk,” – deyə İradə Həsənova vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az