Zülfiyyə Nuriyeva: "Kənd təsərrüfatı və sahibkarlıqda yaşıl enerji və iqtisadiyyata keçid vacibdir"
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a özəl açıqlamasında Azərbaycanın kənd təsərrüfatı və digər sahələrdə irəliləyişin olması üçün vacib addımlar atılmasının zəruriliyini vurğulayıb. Z.Nuriyeva xüsusilə bölgələrdəki sahibkarların yaşıl iqtisadiyyat və yaşıl enerjiyə keçid prosesini mənimsəməsinin vacib olduğunu qeyd edib. O, bu istiqamətdə Qarabağda kənd təsərrüfatı sahəsində böyük irəliləyişlərə nail olunmasının önəmli olduğunu bildirib.
Zülfiyyə Nuriyeva, keçən müsahibəsində də vurğuladığı kimi, heyvandarlıq, bitkiçilik, əkinçilik və digər kənd təsərrüfatı sahələrinin yaşıl enerji və yaşıl iqtisadiyyatla inteqrasiya edilməsinin vacibliyini qeyd edib. O, Kənd Təsərrüfatı Nazirliyi ilə qurduqları sıx əməkdaşlıq çərçivəsində 2025-ci ildə həyata keçirəcəkləri yeni layihələrdən də bəhs edib:
"Bu layihə çərçivəsində cənub bölgəsində 50 sahibkara yönəlmiş bir forum nəzərdə tutulub. Forumda beynəlxalq əlaqələrin qurulması, icmalarla iş, kənd təsərrüfatı sahəsində qarşılıqlı mübadilə və sahibkarlar arasında şəbəkələşmə mövzuları müzakirə ediləcək. Həmçinin, məcburi əməyə cəlb edilmə halları və bu sahədə cinayət məsuliyyətinə cəlb edilmə məsələləri də forumda ətraflı müzakirə olunacaq. Beynəlxalq əlaqələr qurulması məqsədilə xarici qonaqların iştirak edəcəyi bir neçə ölkə ilə əməkdaşlıq mövcuddur. Bu tədbirə dəvət ediləcək qonaqlar, onların təcrübələrini Azərbaycan sahibkarları ilə bölüşərək, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcəklər".
QHT sədri təşkilatın məqsəd və hədəflərindən də söz açaraq, qadın sahibkarların cəmiyyətə inteqrasiyası və həssas əhali qruplarına, xüsusilə məhkumluqdan azad olmuş qadınlara dəstək göstərməyə yönəlmiş tədbirlərin önəmli olduğunu vurğulayıb. Təşkilat, 2025-ci ildə bu istiqamətdə daha çox fəaliyyət göstərəcək və məşğulluq məsələlərini ön planda tutacaq. Zülfiyyə Nuriyeva, gələcəkdə həyata keçiriləcək layihələrin Azərbaycan kənd təsərrüfatı və sahibkarlıq sahəsində böyük dəyişikliklərə səbəb olacağını və bu sahənin inkişafını sürətləndirəcəyini bildirib.
Pərvanə Fərhadqızı