Xəbərlər 02.01.2025 20:52 361

“Hədəfim ölkə yığmasına düşmək, dünya çempionu olmaqdır”

Uğurların davamlı olsun, İlham!  

 

Etiraf edək ki, gənclik insan ömrünün ən qaynar, məhsuldar zaman kəsiyidir. Və belə bir fikir formalaşıb: istedadın varsa, mütləq bir gün parlayacaq. Lakin unutmamalıyıq ki, uğura gedən yol öncə özünü dərketmədən, güc və ağıla güvəndən, istedad və bacarığa inam hissindən başlayır və istəyinə çatanacan həyat amalın uğrunda mübarizə aparmalısan. Bunu isə hər kəs bacarmır. Daha dəqiq desək, insanın iradəsi, cəsarəti yuxarıda sadalanan bu yüksək meyarlarla birləşəndə nələrə qadir olduğu aşkarlanır... 

Haqqında bəhs edəcəyim 19 yaşlı gənc, Rusiya Federasiyasının (RF) İvanov şəhərində yaşayan, əslən Masallı rayonundan (Ərkivan qəsəbəsi, Bağlakücə) olan karateçi-atlet Əməşov İlham Layiq oğludur. O, dəfələrlə Beynəlxalq və Ümumrusiya yarışlarının çempionu olub, mükafatını qazanıb, RF-nın idman ustasıdır. İvanovo Dövlət Enerji Universitetinin üçüncü kurs tələbəsidir.
Uşaqlıqdan idmana maraq göstərən İlham ilk məşqlərə doqquz yaşından qatılıb. Yuja şəhərində karate idman növü ilə məşğul olmağa başlayıb. Bu yolda ona RF-nın idman ustası Nuriyev Fərid Canəli oğlu bələdçilik edib. O, da əslən Masallı rayonunun Ərkivan qəsəbəsindəndir. Sonra Yevgeni Boldin və Amiran Ruhayanın rəhbərliyi ilə İvanovda məşqlərini davam etdirib. 
İlhamın idmanla məşğul olduğunu və bu sahəyə maraq göstərdiyini görən atası Layiq kişi oğluna bu yolda maddi-mənəvi dəstək olub. Çünki vaxtilə o və böyük qardaşı Əlizamin (İvanov vilayəti Yuja rayonunun fəxri vətəndaşı və deputatı) də idmanla məşğul olublar. Axı, onların doğulub, boya-başa çatdıqları doğmu yurdları Masallı rayonu, Ərkivan qəsəbəsi tanınmış idmançıları, pəhləvanları ilə məşhurdur. 
Ümumiyyətlə, Əməşovlar ailəsi ziyalılar ailəsidir. Layiq Azərbaycan Texniki Universitetini bitirib. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin orqanlarında çalışıb. Böyük qızı İvanov vilayət xəstəxanasının göz cərrahı, eyni zamanda İvanov Dövlət Tibb Universitetinin müəllimidir. Kiçik qızının biri həmin şəhərdəki tibb akademiyasında, digəri isə energetika universitetində təhsil alır.  
Layiq deyir ki, fərəhlənirəm ki, elm və idman sahəsində əldə edə bilmədiklərimə övladlarım nail olur...
Yüksək fiziki keyfiyyətləri və mübarizliyi sayəsində İlham sevdiyi idman növünün sirlərinə yiyələnib. Gərgin məşqlər öz bəhrəsini verməyə başlayıb. Yaddaqalan nailiyyətlərə imza atıb.
2022-ci ilin yanvarında Solneçnoqorsk şəhərində 16-17 yaşlılar arasında 61 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn İlham Əməşov Moskva Vilayət Federasiyasının kubokuna, həmin ilin dekabr ayında isə Sovet İttifaqı Qəhrəmanı Q.Boyarinovun 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirin (Smolensk şəhəri, 68 kq) ikinci mükafatına sahib olub.
2023-cü ilin fevral ayında Lipetsk şəhərində keçirilən “Böyük Pyotr Kuboku” Ümumrusiya yarışlarında (16-17 yaşlılar, 68 kq) gümüş medal qazanıb.
2024-cü il 10-11 avqust tarixlərində Bryansk şəhərində təşkil olunan Mərkəzi Federal Vilayətinin birinciliyinin (75 kq) çempionu, çempionatının isə gümüş medalçısı olub.    
2024-cü ilin sentyabrında Vitali Konevin xatirəsinə həsr olunmuş “Peterburq payızı” beynəlxalq karate yarışlarında 18-20 yaşlılar arsında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan İlham ən güclü idmançılara qalib gələrək qızıl medalı əldən verməyib. 
O, bu mötəbər yarışlarda göstərdiyi yüksək nəticələrə görə Rusiya Federasiyasının idman ustası və İvanov Karate Federasiyası tərəfindən “2024-cü ilin ən yaxşı idmançısı”  fəxri adlarına layiq görülüb. 
Çoxu düşünür ki, idmançılar elmə həvəsli olmur, dərslərini yaxşı oxumurlar. Amma İlham əksər həmkarları kimi təhsilə önəm verən idmançılardandır. Atası deyir ki, hər zaman məktəbə ciddi və məsuliyyətlə yanaşıb: “İndi də tez-tez müxtəlif yarışlara qatılması onun ali təhsil almasına mənfi təsir göstərmir. Əsas hədəfə çatmaq üçün məqsədyönlü, məşqlərində çox iddialıdır. İlhamın naliyyətlərinə ailəlikcə sevinirik...”
Məqsədinin Rusiyanın yığma komandasına düşmək, Avropa, Dünya çempionu adını qazanmaq olduğunu bildirən İlhamı qarşıda mötəbər yarışlar gözləyir. 
Ona bəslənilən etimadı doğruldacağına hər kəs əmindir. İstedadlı idmançıda olan potensial və əzmkarlıq bunu deməyə əsas verir.
Uğurların davamlı olsun, İlham!

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı